Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4978/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3315 manat dəymiş ziyanın və məhkəməyə ödədiyi 54 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı ödənilən 500 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan **-DV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı minik avtomobili **-EV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı minik avtomobili tərəfindən vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin təqsirkarı Cavabdeh olmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan 3315 manat hesablanmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixdə inzibati xəta haqqında TP7378997 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.1 və 469cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Emil oğlu nəqliyyat vasitəsini mülki məsuliyyət üzrə icbari qaydada sığorta etdirməmişdir. Avtomobilinə dəymiş ziyanı ödəməmiş və bildirmişdir ki, “Hara istəyirsən şikayət et.” Buna görə də, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, ekspert rəyi ilə müəyyən edilmiş məbləğlə razı olduğunu göstərərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan:- AC 891386 nömrəli, xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent GLS” minik markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akt-rəyin surətindən görünür ki, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobilə dəymiş zərərin məbləği 3315 manat müəyyən edilmişdir. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin mühəndis-məsləhətçisi X1 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixli, 022945 nömrəli qiymətləndirmə rəyində texniki səhvə yol verildiyindən yeni qiymətləndirmə aktı tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli qüsur aktı-rəyin surətindən görünür ki, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı, “Hyundai Accent” markalı avtomobilə dəymiş zərərin məbləği 611 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/O 21-385/25 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Hyundai Accent” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 623 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus “Hyundai Accent” markalı, **-DV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 623 manat məbləğində zərər dəymiş, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 623 manat alınaraq İddiaçı verilməlidir. İddia tələbinin hüquqi yardıma görə 500 manat pulun ödənilməsinə dair sübut təqdim olunmadığından həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ödəniş qəbzini qətnamə qəbul olunduqdan sonra xx.xx.2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirmişdir. . MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 623 (altı yüz iyirmi üç) manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 300 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ**********0000002944, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4978/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4978/2025
26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver