Məhkəmə qərarları › İş №e-2(125)-4980/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4980/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4980/2025 04.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən 883 manat əsas borcun, 0,01 manat faiz borcunun (vəfat etdiyi tarixə faiz borcu), 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanan xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən Aynanisə Camalovaya illik 20%-lə, 33 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə edilən məlumata əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən X3 Banka ödənilməmiş xx.xx.2021-ci il, tarixli BPM**********14 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 883 manat əsas, öldüyü tarixə qədərki faiz borcu isə 0,01 manat təşkil edir. Belə ki, Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2-22/2-21932/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh qardaşıdır. Mərhum anaları Aynanisə Camalova 5000 manat məbləğində kredit götürmüşdür. Analarının borcu qalmasından məlumatları olmamışdır. Bank onları məhkəməyə verdikdən sonra kredit borcundan 285 manat ödəniş etmişdirlər. Həmin ödənişlərin qəbzləri də vardır. Ödədikləri məbləğ ümumi borcdan çıxıldıqdan sonra qalan borcu ödəməyə heç bir etirazlarının olmadığını göstərərək, iddianın qismən təmin olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 33 ay müddətinə, illik 20% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, mərhum X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 883 manat əsas borc qalmış, vəfat etdiyi tarixə 0,01 manat faiz borcu hesablanmışdır. AZ-İİ 386791 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 2V-587 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh miras əmlak ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzilin miras qoyan X4 məxsus hissəsindən irs almalıdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, X2 və Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə 85 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 50 manat olmaqla, cəmi 285 manat kredit ödənişi edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsi üzrə 598 manat kredit borcu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsi üzrə 598 (beş yüz doxsan səkkiz) manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar