Məhkəmə qərarları › İş №e-2(125)-5072/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5072/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5072/2025 14.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3400 manat borcun, 54 manat dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 7 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu Yasinin vasitəsilə tanımışdır. Oğlu Yasin demişdir ki, tanışları Cavabdeh2 və Cavabdeh1 dörd uşaqları var. Təcili onlara pul ehtiyacdır. Sənin yanına borc pul istəməyə gələcəkdirlər. O da etiraz etməmişdir. Cavabdeh2 və Cavabdeh1 yaşadığı evə gəlib, onlara 5000 manat pul ehtiyac olduğunu bildirmiş və təcili olaraq puldan bir hissə verilməsini, qalan pulun isə hissə-hissə borc qaydada götürülməsini xahiş etmişdirlər. Ancaq o inanmamışdır. Onu inandırmaq məqsədilə özlərinə və uşaqlarına məxsus sənədlərin əsillərini ona vermişdirlər. Bundan da başqa plastik kart verərək, hər ay kartdan pul çıxara biləcəyini bildirmişdirlər. O da etiraz etməmişdir. Cavabdehlər müxtəlif vaxtlarda ondan 5000 manat pul almışdırlar. Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus nikah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələrini, Cavabdeh2 doğlum haqqında şəhadətnaməsini, Cavabdeh1 hərbi biletini və şəxsiyyət vəsiqəsinin əsillərini ona vermişdirlər. Ancaq bir müddətdən sonra Cavabdeh1 ona 1600 manat ödəniş etddikdən sonra özünə məxsus şəxsiyyət vəsiqəsinin əslini götürmüşdür. 5000 manat borclarından 1600 manat ödəmiş, sonra borclarını ödəməkdən imtina etmişdirlər. Cavabdeh2 və Cavabdeh1 ona borclu olduğu məbləği telefon səslərində etiraf etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlərə 2500 manat, 2000 manat və 500 manat olmaqla, cəmi 5000 manat pul vermişdir. Pulu verəndə oğlu, yoldaşı və baldızı da olmuşdur. Pulu öz evində vermişdir. Oğlu cavabdehin qızı görmədiyinə görə əməliyyat edilməsi üçün pula ehtiyacları olduğunu demiş, onun da gözü görmədiyi üçün kömək etmişdir. Dəfələrlə cavabdehlərin qapısına gedib borcu geri qaytarmalarını tələb etsə də, əməl etməmişdirlər. 3400 manat borcun və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Cavabdeh1 SMS vasitəsi ilə məlumatlandırılmışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, iddiaçı qonşusudur. İddiaçı gözdən əlil olduğu üçün qonşu kimi onu həmişə maşını ilə istədiyi yerə aparıb-gətirmişdir. Bir neçə dəfə iddiaçını Goranboy rayonuna aparmışdır. Həmin vaxt iddiaçının borc pulun qaytarılması barədə Goranboy rayonunda bir-iki şəxslə söhbət apardığını görmüşdür. Şahvələddən nə məsələ olduğunu soruşduqda cavabdehlərə borc pul verdiyini, lakin qaytarmadıqlarını demişdir. Dəfələrlə pulu almaq üçün birlikdə cavabdehlərin qapısına getmişdirlər. Cavabdehlər hər dəfə pulu geri qaytaracaqlarını desələr də, əməl etməmiş, iddiaçıya verdikləri bank kartını da bağlatmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, İddiaçı bacısının yoldaşıdır. Cavabdehlər qucaqlarında uşaqla ər-arvad ikisi də Şahvələdin evinə gəlmiş, ondan pul almışdırlar. Nə qədər pul aldıqlarını isə bilmir. Mülki işin materiallarında olan 1 ədəd bank kartı, Cavabdeh1 məxsus hərbi bilet, cavabdehlərə məxsus nikah haqqında şəhadətnamədən görünür ki, cavabdehlər özlərinə məxsus sənədləri aldıqları borc pulun qaytarılmasının təminatı kimi iddiaçıda saxlamışlar. İddiaçı tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclas zalında qulaq asılarkən, cavabdehlər iddiaçıdan 2500, 500 və 2000 manat olmaqla cəmi 5000 manat pul götürdüklərini və 3400 manat borcları qaldığını etiraf etmişdirlər. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşma olmuş, cavabdehlər iddiaçıdan müxtəlif tarixlərdə hissə-hissə olmaqla, ümumilikdə 5000 manat məbləğində borc almış, borcun qaytarılmasının təminatı kimi özlərinə məxsus sənədləri iddiaçıda saxlamışlar. Cavabdehlər borcun bir hissəsini ödəsələr də, 3400 manat məbləğində borcu qaytarmadıqları üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3400 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 54 manat dövlət rüsumu və sənədlərin təsdiqi üçün 7 manat xərc cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3400 (üç min dörd yüz) manat pul, dövlət rüsumunun əvəzi 54 manat və 7 manat xərc alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar