Məhkəmə qərarları › İş №e-2(125)-5119/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5119/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5119/2024 02.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, iddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı «X4 Azərbaycan» QSC, Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77.55 manat məbləğində maddi zərərin əvəzinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(043)-560/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı"xxxx" QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci iltarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 185 manat, xx.xx.2023-cü il tarixində ödənilən 332 manat məbləğ "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC –yə 77.55 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən"xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 77.55 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış kabinetinə məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir Belə ki, iş materiallarında olan “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış güzəştli kredit və zaminlik müqaviləsinin 7.2.2-ci bəndinə əsasən borcalan ödəniş qrafiki (cədvəli) ilə müəyyən edilən hissə-hissə döənişləri, faizləri, dəbbə pulunu borcverənə ödəməli, bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı borcverənin çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta ilə bağlı çəkdiyi (çəkməli olduğu xərclərin) əvəzini ödəməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (büro) ilə “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 faizi nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-560/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli müqavilə üzrə 391,46 manat əsas borc, 63,98 manat faiz borcu, 6 manat komissiya borcu, 20 manat dəbbə pulu borcu, 4,80 manat poçt xərci və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 516,24 (beş yüz on altı tam, yüzdə iyirmi dörd) manat pulun tutularaq, iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə “X4 Azərbaycan” QSC arasında bağlanmış “Hüquqi xidmət haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq “X4 Azərbaycan” QSC ilə cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli kredit kartı müqaviləsi əsasında cavabdeh tərəfindən son tarix xx.xx.2023-cü ildə ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş, bu ödənişlərə görə “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 77.55 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş-pretenziya göndərilərək ondan "xxxx" MMC-yə köçürülmüş 77.55 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, pretenziya məktubu göndərilmiş, pretenziya göstərilənlər icra olunmadığı təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş, icra mərhələsində tələb üzrə borcun tutulması üçün müəyyən icra hərəkətləri aparılmış və borc tam həcmdə ödənilmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 77.55 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun vaxtında ödənilməməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olduğundan iddia təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, icra ilə bağlı çəkilən xərcləri iddiaçının cavabdehdən tələb etməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə aralarında bağlanmış hüquqi yardım haqqında müqavilə əsasında 77.55 manat pul ödənilməsinin cavabdehdən tələb edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı «X4 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar