Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5196/2025 04.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş 1200 manat maddi ziyan və vəkilə ödənilmiş 330 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu il təvəllüdlü oğlu X3 uzun illərdir BETA (böyük forma) talassemiya xəstəliyinə tutulmuş, burada səhhəti və sağlamlıq durumu yaxşı olmadığından həkimlərin məsləhəti, dövlətin göstərişi və göndəriși əsasında oğlu Elcanı müayinə və müalicə olunmaq üçün Türkiyə Respublikasının Ankara şəhərinə aparmışdır. Onun rəsmi müraciəti əsasında 2023-cü il tarixdə Ankara şəhərində oğlu Elcana sümük iliyi transplantasiyasının köçürülməsi baş tutmuş və xəstənin donoru da özü olmuşdur. 2024-cü il tarixdə dekabr aynın 17-da oğlu Elcanın Ankara şəhərində yenidən müayinə olunması üçün həkimlər onlara növbə təyin etmişdirlər. Dekabr ayının 16-da iki günlük Türkiyə Respublikasına oğlunu aparmaq üçün iki ədəd bilet almışdır. 16 dekabr 2024-cü il tarixdə günorta saat 12 radələrində Gəncə şəhər avtovağzalında qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan, sonradan ünvanı və kimliyi məlum olan Seymur adlı şəxs ona yaxınlaşaraq, hara getdiyini soruşmuş, o, Bakı şəhərində hansı ünvana getdiyini ona açıqladıqdan sonra Seymur bildirmişdir ki, “50 manat civarında pul ödəniş edin, sizi birbaşa Heydər Əliyev adına X5 aparım.” Onlar razılaşmış, yanacaq doldurma məntəqəsində Seymur ondan 50 manat pul almışdır. Onlar saat 16:00-da Bakı Beynəlxalq avtovağzalına çatmışdırlar. Seymur müəyyən səbəblərdən avtovağzalda 50 dəqiqə vaxt itkisinə yol vermiş, “Narahat olma, bir neçə zənbil var, gözlə gəlib avtovağzalda onlara verim, sonra gedərik.” demişdir. Onlar məcbur olub gözləmişdirlər. Yol boyu Seymura dəfələrlə təyyarəyə gecikmə ehtimallarının olduğunu desə də, o, "Narahat olma, sizi tam zamanında ünvana çatdıracam." demișdir. Seymur Bakı şəhərində şəhərdaxili yolları tanımadığından təxminən yarım saatdan çox vaxtı yol itkisinə sərf etmişdir. Axșam saat 17:50 radələrində hava limanına çatsalar da, təyyarəyə çata bilməmişdirlər. Onun iki nəfərə aldığı biletlər artıq yanmışdır. Bu yaranan situasiyadan sonra oğlu Elcan çox narahat hisslər keçirmiş, stress yașamışdır. Ușağın halının pisləşdiyini görüb, onu 17 dekabrda səhər tezdən Bakı șəhəri Talassemiya mərkəzinə aparmışdır. Həkimlərin müalicəsi sayəsində Elcanın səhhəti stabilləşdikdən sonra, həmin günün axşamı saat 18:30 radələrində yenidən iki nəfərə bilet almaq məcburiyyətində qalmış, 18 dekabr 2024cü il tarixdə Ankara şəhərində həkimin qəbulunda olmuşdur. Lakin həkim onları qəbul etməmiş, “Sənin oğlunun növbəsi dekabr ayının 17-nə təyin edildiyi üçün mən xəstəni müayinə edə bilmərəm.” demiş, növbəti müayinə üçün 13 yanvar 2025-ci il tarixə növbə təyin etmişdir. Onlar heç bir nəticə əldə etmədən, məcburiyyət qarşısında qalıb, geriyə Azərbaycana dönüş etmişdirlər. Gəncə şəhərinə qayıtdıqdan sonra Seymur ilə görüşmüş, olanları ona olduğu kimi danışmışdır. Ona söz vermişdir ki, xx.xx.2025-ci il tarixdə dəyən maddi ziyanı tam ödəyəcəkdir. Dediyi tarixdə Seymura zəng etmiş, lakin onun telefon nömrəsinə zəng çatmamış, bu gün də həmin nömrəyə zəng çatmır. Elcanın müalicəsi üçün 2024-cü ilin noyabr ayında Bankdan kredit pul götürmüşdür. Ümumilikdə taksi sürücüsü Seymur adlı şəxs ona 1200 manat maddi ziyan vurmuşdur. Belə ki, Cavabdeh günahı ucbatından, hava limanına onları vaxtından çatdıra bilmədiyindən Bakıdan Ankaraya aldığı xx.xx.2024-cü il tarixli iki nəfərlik bilet üçün ödənilən 176,63+176,63=353,26 manat pulu batmışdır. Məcbur olub Bakıda bir gün artıq qaldıqlarından, yenidən bir gün sonraya iki nəfərlik 136+136,77=273,54 manata bilet alası olmuşdur. Türkiyəyə gedib, oradan geri qayıdan zaman 1200 manatdan çox maddi ziyana düşmüşdür. Cavabdeh əvvəlcə dəyən zərəri ödəyəcəyinə söz versə də, onu polisə verəndən sonra üzərinə götürdüyü öhdəlikdən imtina etmişdir. Cavabdeh şahid X2 xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə kimi ziyanı ödəyəcəyinə söz vermişdir. Digər şahid tanışı X1 ***-***-**-** telefon nömrəsinə zəng edib polisdən şikayətini geri götürməsini xahiş edib, demişdir ki, ödəyəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, biletlərə xərclədiyi puldan əlavə Bakıda və Türkiyədə məcbur olub 1 gün qaldığı üçün əlavə yemək və qaldıqları otelin də pulunu ödəmiş, ziyana düşmüşdür. Nə qədər xərcləməsi ilə bağlı sübutları yoxdur. Gəncəyə qayıtdıqdan sonra cavabdehlə Füzuli parkının yaxınlığında görüşmüş, təsadüfən əvvəl qonşusu olan Şahlar İsmayılov da parkda olmuş və onların söhbətinə şahid olmuşdur. Cavabdeh ona vurduğu ziyanı ödəyəcəyini desə də, ödəməmiş, polisdə ərizə yazıb, şikayət etdikdən sonra cavabdeh onun musiqiçi olduğunu bildiyi üçün başqa bir musiqiçi tanışına zəng etdirərək, ərizəni geri götürməsini xahiş etmiş, ziyanı ödəyəcəyini demişdir. Bu günədək cavabdehin heç bir ödəniş etmədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, İddiaçı qonşusu olmuşdur. Parkda Yabərlə təsadüfən rastlaşmış, Seymurla söhbətlərinə şahid olmuş, aralarında pulla bağlı söhbət olmuşdur. Samir taksi sürücüsü kimi, Yabəri oğlu ilə birlikdə Bakıya aparmış, lakin harasa nəsə təhvil verəcəyini demiş, lazımi vaxtda Yabəri aeroporta çatdırmamışdır. Söhbət edərkən, vaxt istəyib, 1 aya pulu ödəyəcəyini demişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh bildirişi qəbul etməkdən imtina edərək məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Uçuş marşrutu Bakı- Ankara, uçuş tarixi və saatı isə xx.xx.2024-cü il, saat 18:30-xx.xx.2024-cü il, saat 20:10 olan uçuş məlumatının surətindən görünür ki, biletlərin alınması üçü cəmi 119,60 ABŞ dolları ödəniş edilmişdir. PNR kodu MATMEU və AMWLBS, uçuş marşrutu Bakı-Ankara, uçuş tarixi və saatı isə xx.xx.2024-cü il, saat 18:30-xx.xx.2024-cü il, saat 20:10 olan elektron biletlərin surətlərindən görünür ki, hər birinin qiyməti 176,63 manat olmaqla, cəmi 353,26 manat ödəniş edilmişdir. PNR kodu CYJSOX və KWE3S5, uçuş marşrutu Ankara-Bakı, uçuş tarixi və saatı isə xx.xx.2024-cü il, saat 21:10-xx.xx.2024-cü il, saat 00:30 olan elektron biletlərin surətlərindən görünür ki, hər birinin qiyməti 136,77 manat olmaqla, cəmi 273,54 manat ödəniş edilmişdir. Kəlbəcər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 221 nömrəli göndəriş vərəqəsinin surətindən görünür ki, X3 talassemiya diaqnozu qoyulmaqla tibbi müayinə və stasionar müalicə üçün Azərbaycan Respublikası Talassemiya Mərkəzinə göndərilmişdir. X9 Hastanesi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli durum bildirir sağlık kurulu raporunun surətindən görünür ki, xəstə Elcan İsmayılzadəyə xx.xx.2023-cü il tarixində sümük iliyi transplantasiyası icra edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, materialın araşdırılması zamanı müraciətdə gödtərilən xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etməsi izah edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının və onun nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında daşıma razılaşması olmuş, cavabdeh iddiaçını təyin olunmuş vaxtda Heydər Əliyev adına X5 çatdırmasını üzərinə götürmüşdür. Lakin cavabdeh razılaşmanı qüsurla yerinə yetirərək, təyin olunmuş vaxtda iddiaçını təyinat yerinə çatdırmamışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh daşımanı qüsurla yetirdiyi üçün təyin olunmuş vaxtda həkimin qəbulunda ola bilmədiklərindən uşağın müayinəsi mümkün olmamış, təyyarə biletlərinə ödədiyi pula, oteldə gecələmələri və qida ehtiyaclarına görə ödənişlər etməklə zərərə düşmüşdür. İddiaçı oteldə gecələmələri və qida ehtiyaclarına dair əlavə xərc çəkdiyini göstərsə də, həmin xərcin nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. MM-in 846.4-cü maddəsinə əsasən əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM)14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.3 -cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, zərərin əvəzi olaraq 830,12 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 325 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227, 233,358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zərərə görə 830,12 (səkkiz yüz otuz manat 12 qəpik) manat pul və hüquqi yardıma görə ödənilmiş 325 manat alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-5196/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5196/2025
04.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver