Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5219/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə 1884,19 manat pul vəsaitinin, ödənilmiş 38,85 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC (Bank) ilə Əsədov Xəlil Musa oğlu (borcalan) arasında bağlanmış BPM**********74 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana 57 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 3400 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan hər ay 92,9 manat, sonuncu ay isə 89,39 manat ödəməli idi. X1 Musa oğlu 10 fevral 2022-ci il tarixdə “dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmış və hazırki iş üzrə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka ödənilməmiş 1884,19 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, bankla borcalan arasında yuxarıda qeyd edilən müqavilə, “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli” barədə kredit müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilənin 3.9.7-ci bəndinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə bank kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – cəmi borcu 1884,19 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş 348 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Əsədov Xəlil Musa oğlunun adına Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 2V-159 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, Əsədov Xəlil Musa oğlunun vərəsəsi arvadı: ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü Cavabdehdır. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum əri Əsədov Xəlil Musa oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Əsədov Xəlil Musa oğlunın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tələb edilən əsas borc üzrə 1884,19 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,85 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********74 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1884,19 (bir min səkkiz yüz səksən dörd manat on doqquz qəpik) manat, ödənilmiş 38,85 (otuz səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5219/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5219/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver