Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5275/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakı ilə, iddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 11246,37 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 124,74 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 25711/7 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə və məxaric qəbzinə əsasən iddiaçı MMC borcalana ticarətin inkişafı məqsədi ilə 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 17000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəli əsasında borcalan ödəniş müddətinin sonuna birinci ay 1025 manat olmaqla hər ay 685 manat, sonuncu ay 682,84 manat ödəməli idi. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh3 (zaminlər) arasında müvafiq olaraq 25711/7 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri imzalanmış, həmin müqavilələrə əsasən zaminlər Borcalanın iddiaçı MMC qarşısında 225711/7 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliyinin tam həcmdə yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Nəticədə cavabdehlərin iddiaçı MMC-yə əsas borc üzrə 11246,37 manat olmaqla, cəmi 11246,37 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, borcalan borcunu ödəyə bilmədiyi üçün girov qoyduğu qızıl-zinət əşyaları borcalanın razılığı və iştirakı ilə satılmış və borca yönəldilmişdir və qalan borc hazırda cavabdehlərdən tələb edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etirazənən olmadığını, sözügedən kredit müqaviləsi üzrə zamin olduğunu bildirdi və kreditin aylıq ödənişinin məbləğinin azaldılmasını xahiş etdi. İş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı MMC ilə borcalan arasında bağlanmış 25711/7 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə, kredit üzrə ödəniş cədvəlinə və məxaric qəbzinə əsasən iddiaçı MMC borcalana ticarətin inkişafı məqsədi ilə 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 17000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, krediti və onun faizlərinin ödənilməsi dövrlərini ən az 2 dəfə beş təqvim günündən çox pozduqda müqavilənin vaxtından əvvəl icra edilməsini və kreditalanın müqavilə üzrə kreditverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək kreditverənin hüququdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın iddiaçı MMC-yə 25711/7 nömrəli kredit müqaviləsi üzrə cəmi 11246,37 manat məbləğində əsas borcu mövcuddur. Beləliklə, müqavilə üzrə cavabdehlər tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu və düzgün hesablandığını təsdiq edir, zamin Cavabdeh3 məhkəmə iclasında iştirak etsə də, o cümlədən digər cavabdehlərə məhkəmə iclası barədə məlumatgöndərilsə də, onlar məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,74 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25711/7 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə yaranmış 11246,37 (on bir min iki yüz qırx altı manat otuz yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124,74 (bir yüz iyirmi dörd manat, yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq BOKT "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5275/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5275/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver