Məhkəmə qərarları › İş №e-2(125)-5294/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5294/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5294/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının xeyrinə 5419 manat əsas borc, 323,27 manat faiz borcu, 28,06 manat cərimə, cəmi 5770,33 manat pul vəsaitinin, 0,40 manat xidmət haqqının və 77,75 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış 4429micGNDJ/23-EM nömrəli, xx.xx.2023-cü il tarixli əsas kredit və bank hesabı müqaviləsi üzrə 300000 manat məbləğində, 120 ay müddətinə, illik maksimum 32 faiz dərəcəsi ilə kredit xətti açılmışdır. 4429micGNDJ/23 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank Cavabdeh2 (borcalan) xx.xx.2027-ci il tarixinədək 44 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 5419 manat məbləğində kredit vermiş, kreditin məqsədli təyinatı kredit məbləğinin bank qarşısındakı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi olmuş, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən borcalan 44 ay müddətində hər ay 175 manat, sonuncu ay 168,60 manat ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 4429micGNDJ/23 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zaminlər sözügedən kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 31 iyul 2024-cü il tarixə Banka 5419 manat əsas borcu, 323,27 manat faiz borcu yaranmış, ona 28,06 manat cərimə hesablanmışdır. Cavabdehlərin cəmi borcu 5770,33 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmçinin cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, bankla borcalan arasında bağlanmış əsas və əlavə kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsinin 2.7 və 2.7.2-ci bəndlərinə əsasən vaxı çatmış borcun (faizlər və / və ya haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirməsi, yaxud borcun (faizlər və / və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla) halında borcverən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini hər bir əlavə kredit müqaviləsi üzrə bütün dövr üçün hesablanmış kredit faizi və müqavilədə nəzərdə tutulmuş digər xərclərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmçinin, kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin sözügedən kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli elektron arayışdan və kredit hesabından çıxarışdan görünür ki, cavabdehlərin 50nkSMKR/23 nömrəli kredit müqaviləsi üzrə Banka 5419 manat əsas borc, 323,27 manat faiz borcu, 28,06 manat cərimə olmaqla, cəmi 5770,33 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə bank tərəfindən cavabdehlərin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2024-cü il tarixə 5419 manat əsas, 220,14 manat faiz, 12,74 manat cərimə olmaqla, cəmi 5651,88 manat borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi təklif olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə əlaqədar məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq əsas və əlavə kredit müqavilələri bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehlərə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2024-cü il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehlərin Banka borcu - ödənilməmiş əsas borc qismində 5419 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 220,14 manat, cərimə üzrə 12,74 manat təşkil etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla bağlanmış 4429micGNDJ/23-EM nömrəli, xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsindən və 4429micGNDJ/23 nömrəli, xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsindən xx.xx.2024cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 5419 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 220,14 manat məbləğində pul tələb etməsi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini, eləcə də tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, borcalandan iddiaçının xeyrinə 12,74 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3nən mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduqlarından, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehlərin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdehlər məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, əsas və əlavə kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 5419 manat, faizlər üzrə 220,14 manat, cərimə üzrə 12,74 manat olmaqla, cəmi 5651,88 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 76,52 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4429micGNDJ/23-EM nömrəli müqavilə üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5419 manat əsas borc, 220,14 manat faiz borcu, 12,74 manat cərimə olmaqla, cəmi 5651,88 (beş min altı yüz əlli bir manat səksən səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 76,92 (yetmiş altı manat doxsan iki qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar