Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5358/2023 21.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3052,76 (üç min əlli iki manat yetmiş altı qəpik) manat əsas, 258,17 (iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat faiz, 77 (yetmiş yeddi) manat cərimə olmaqla, cəmi 3387,93 (üç min üç yüz səksən yeddi manat doxsan üç qəpik) manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 54,28 (əlli dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində pulun alınaraq BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Azərbaycan MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadət etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövrü olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin təşkilata 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə olmaqla cəmi 3387,93 (üç min üç yüz səksən yeddi manat doxsan üç qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş; Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. 22 aprel 2022-ci il tarixli, 26510/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. 22 aprel 2022-ci il tarixli, 26510/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli, 26510 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 26510 saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3052,76 manat əsas, 258,17 manat faiz, 77 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 3387,93 manat borcu vardır. 22 aprel 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 imza edərək 12500 (on iki min beş yüz) manat məbləğində pulu Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 28 mart 2023-cü il tarixli, 27 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli kredit üzrə hesablanmış əsas və faiz borcunun qaytarılmasına dair xəbərdarlıqlardan görünür ki, borcluların Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan qalıq borcunun ən qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün məcburi tədbirlərin həyata keçirilməsi üçün addımlar atılacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit və Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 77 (yetmiş yeddi) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3052,76 (üç min əlli iki manat yetmiş altı qəpik) manat əsas, 258,17 (iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat faiz, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 3312,93 (üç min üç yüz on iki manat doxsan üç qəpik) manat borc tutularaq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 54,28 (əlli dörd manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 53,12 (əlli üç manat on iki qəpik) manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3052,76 (üç min əlli iki manat yetmiş altı qəpik) manat əsas, 258,17 (iki yüz əlli səkkiz manat on yeddi qəpik) manat faiz, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 3312,93 (üç min üç yüz on iki manat doxsan üç qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 53,12 (əlli üç manat on iki qəpik) manatı tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5358/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5358/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver