Məhkəmə qərarları › İş №e-2(125)-5430/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5430/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5430/2024 26.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) və Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank borclana 59 ay müddətinə illik 25 faiz dərəcəsiylə 5000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən xx.xx.2024-cü il tarixinə borcalana 4786,66 manat əsas, 780,2 manat faiz, 269,54 manat cərimə olmaqla, cəmi 5836,4 manat borc hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehdən 4786,66 manat əsas, 780,2 manat faiz borcu, 269,54 manat cərimə borcu olmaqla, cəmi 5836,4 borcun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəf hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, Bank ilə borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı krediti borcalana versə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, beləliklə Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək hər hansı dəlil təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tənasübsüz dərəcədə yüksək olduğundan cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilməli və 33,14 manat cərimə borcu tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən əsas, faiz və azaldılmış cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, buna görə 76 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 4786,66 manat əsas, 780,2 manat faiz borcu, 33,14 manat cərimə olmaqla, cəmi 5600 (beş min altı yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76 (yetmiş altı) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar