Məhkəmə qərarları › İş №e-2(125)-546/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-546/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-546/2023 09.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Aqil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borcalan X3 hüquqi varisi Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan X3 hüquqi varisi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4800 manat əsas borc, 552,09 manat faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,53 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC ilə mərhum X8 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 4800 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə ünvanlanmış məktubdan müəyyən olunmuşdur ki, Cavabdeh X2 miras qalan 3642 manat pulu müraciət edərək qəbul edib və bu barədə ona xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, qızı Aynurənin vəfat etdikdən sonra onun dəfni üçün iş yerindən ödənilmiş 3642 manat pulun qəbulu üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisinə ərizə ilə müraciət edərək vərəsəlik haqqında şəhadətnamə almışdı. Vərəsəlik haqqında şəhadətnamədən də görünüdüyü kimi dəfn üçün müavinətdən başqa mərhum qızından heç bir bir miras qəbul etməmişdir. İddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2021-ci il tarixli, 28150***-*******01 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya iddiaçı tərəfindən istehlak məqsədi üçün 3 il müddətinə, illik 21 faiz dərəcəsi ilə 4800 manat məbləğində kredit verilmişdir. AZ-İİ 216938 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür. "xxxx" MMC-in Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisinə verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, işçi X8 öldüyünə görə vərəsəsinə orta aylıq əmək haqqının 3 misli miqdarında 3642,00 manat müavinət verilməlidir. Gəncə “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərərəsəsi anası X1 adına orta aylıq əmək haqqının 3 misli miqdarında hesablanmış 3642 (üç min altı yüz qırx iki) manat pulu qəbul etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC X3 vərəsəsi X5 ölümə görə birdəfəlik müavinət olaraq 3642,00 manat ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normalarınə əsasən əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət edilsə də əldə etdiyi əmlak miras aktivinə daxil olmamış, həmin pul məbləği ölmüş şəxsin ölümü ilə əlaqədar işlədiyi müəssisə tərəfindən birdəfəlik müavinət olmuşdur. Yuxarıdı qeyd olunan qanunvericilikdən də görünür ki, miras əmlaka miras qoyanın yalnız öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının toplusu daxildir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun sosial müavinətin anlayışından bəhs edən 1.0.1-ci maddəsində qeyd olunur ki, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitdir. Göründüyü kimi cavabdehin mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməsi miras açıldıqdan sonra ödənilmiş sosial müavinətin əldə olunması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar