Məhkəmə qərarları › İş №e-2(125)-5496/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5496/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5496/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Ələddin Anar oğlunun katibliyi ilə, Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi və tələbin girov predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, LB/23/013/002185 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 435 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 manat 74 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 manat 93 qəpik, cəmi 629 manat 67 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin girov predmeti olan ümumi çəkisi 583 qram olan zinət əşyalarına yönəldilməsi, zinət əşyasının açıq hərracdan satılması, əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına LPO İddiaçı ASC-yə olan 629 manat 67 qəpik məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/013/002185 nömrəli kredit xətti müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 435 manat məbləğində kredit verilmişdir. Bu kreditin təminatı olaraq Cavabdeh özünə məxsus bank tərəfindən xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 623 manat məbləğində qiymətləndirilmiş 7,7 qram çəkidə olan 583 əyarlı ziynət əşyalarını xx.xx.2023-cü il tarixli, G-LB/23/013/002185 nömrəli girov müqaviləsinə əsasən bank qarşısında girov qoymuşdur. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan təqdim edilən müddətli öhdəlikdə və bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödənişləri iki dəfə ardıcıl olaraq ödəmədiyi halda borcalan kreditin dərhal qaytarılmasını, eləcədə faizlərin ödənilməsini tələb etmək barədə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə müraciətlər olunmasına, habelə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixə Cavabdeh iddiaçıya əsas borcun əvəzi qismində 435 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 manat 74 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 manat 93 qəpik, cəmi 629 manat 67 qəpik məbləğində borcu yaranmışdır. Sonda iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, LB/23/013/002185 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 27% ödəməsi şərtilə, 12 ay müddətinə 435 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, G-LB/23/013/002185 nömrəli saxlanc girovu haqqında müqavilənin, eyni tarixli saxlanc girovunun qiymətləndirilməsinə və təhviltəslim aktının, razılıq ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, LB/23/013/002185 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh ümumi çəkisi 7,7 qram olan 623 manat dəyərində qızıl-zinət əşyasını girovla yüklü etmişdir. İşdə olan LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə borcu ödənilməmiş əsas borc qismində 435 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 manat 74 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 manat 93 qəpik, cəmi 629 manat 67 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixdə 435 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borcun əvəzi qismində 435 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 manat 74 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 manat 93 qəpik, cəmi 629 manat 67 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehdən tutulmasını, tələb üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyasına yönəldilməsini əsaslı hesab edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, LB/23/013/002185 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 435 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 manat 74 qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 manat 93 qəpik, cəmi 629 manat 67 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tutma girov predmeti olan, cavabdehə məxsus dəyəri 623 manat olan 1 ədəd çəkisi 7,7 qram olan, 583 əyyarlı qızıl üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməli, həmin əşya açıq hərracda satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10 mart 2023-cü il tarixli, LB/23/013/002185 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi 435 (dörd yüz otuz beş) manat, 15 may 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 190 (bir yüz doxsan) manat 74 (yetmiş dörd) qəpik, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz qismində 3 (üç) manat 93 (doxsan üç) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 659 (altı yüz əlli doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan Cavabdeh məxsus dəyəri 623 manat olan 1 ədəd çəkisi 7,7 qram olan, 583 əyyarlı qızıl üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar