Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-556/2025 13.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə2 iştirakları ilə; İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin – OBA Gəncə 30 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 5175 (beş min yüz yetmiş beş) manat 01 (bir) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3959 (üç min doqquz yüz əlli doqquz) manat 09 (doqquz) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 3959 (üç min doqquz yüz əlli doqquz) manat 09 (doqquz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3959 (üç min doqquz yüz əlli doqquz) manat 09 (doqquz) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılan iddia tələbi iş materiallarında olan sübutlarla, habelə inventarizasiya aktı ilə tamamilə sübut olunur. Bundan başqa iddiaçı tərəfindən hazırkı iddia qaldırılan zaman iddia müddəti ötürülməmişdir. Odur ki, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh qarşı iddia qaldırmaq üçün müddəti ötürmüşdür. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İnventarizasiya aparılmış və nəticədə Cavabdeh guya İddiaçı MMC-yə 5175 manat miqdarında ziyan vurması müəyyən edilmişdir. Yəni işçi tərəfindən maddi ziyanın vurulmasının aşkara çıxarılması xx.xx.2023-cü il tarixdə olmuşdur. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Maddi ziyanın aşkara çıxarılması ilə iddia ərizəsinin məhkəməyə verilməsi arasında 1 il 4 ay müddət olmuşdur. Bundan başqa İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “OBA Marketin” işləri çox olduğundan iddianı müəyyən edilmiş müddət ərzində (1 il müddət ərzində) təqdim edə bilməmişdirlər. İşin hallarından müəyyən edilir ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən müddət iddiaçı tərəfindən itirilmişdir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, qanunvericilik işəgötürənə maddi ziyan bağlı məhkəməyə müraciət edilməsinə 1 il müddət müəyyən etmişdir. Bundan başqa işin faktiki hallarından (mülki işə iddiaçı tərəfindən əlavə edilmiş sənədlərdən) müəyyən edilir ki, iddiaçı cavabdehə hansı miqdarda invertar verməsi və hansı miqdarda invertarın təhvil alınması barədə sənəd əlavə etməmişdir. Belə olan halda invertarsasiyanın hansı metodologiya ilə hesablanmasını və hansı mallarda əskik çıxmasının mühakimə icraatında araşdırılması mümkün deyildir. Məhkəmə iclasında sözügedən invertarizasiyanın aparılmasına səbəb olmuş sənədləri (invertartların Cavabdeh təhvil verilməsə barədə akt, Aynurun onlara invertarı təhvil verməsi barədə akt, və s sənədlər) tələb edilsə də, nümayəndə bildirmişdir ki, təqdim etməyə sənədləri yoxdur. Belə olan halda mülki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinin norması tətbiq edilməli və iddia rədd edilməlidir. Odur ki, İddiaçı X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına müddətlə bağlı maddi hüquq normasını tətbiq edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə həmçinin AZEMİS vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlamışdır.
6. Məhkəmə, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə:
a) Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. İş materiallarında olan «X8» MMC ilə Cavabdeh arasında bağlanılmış 13 aprel 2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-yə Satış Departamenti-Satış 8 Şöbəsi- Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
8. Əmək müqaviləsinə əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş və Cavabdeh 26 yanvar 2022-ci il tarixdən İddiaçı MMC-də baş satıcı vəzifəsində keçirilmişdir. Aylıq əmək haqqı 320 manat təşkil edir.
9. Əmək müqaviləsinə əlavədən görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş və Cavabdeh 11 noyabr 2022-ci il tarixdən İddiaçı MMC-də administrator vəzifəsində keçirilmişdir. Aylıq əmək haqqı 345 manat təşkil edir.
10. xx.xx.2022-ci il tarixli X4 haqqında müqavilənin surətinə əsasən administrator Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür.
11. İddiaçı MMC tərəfindən tərtib edilmiş İddiaçı MMC-nin Gəncə 30 filialında aparılmış planlı inventarizasiya nəticələrinə dair yekun aktların surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən Cəmiyyətə 5175 (beş min yüz yetmiş beş) manat 01 (bir) qəpik məbləğində zərər vurulmuşdur.
12. Cavabdeh Oba Market MMC-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini bildirmişdir.
13. 16-X saylı, xx.xx.2024-cü il tarixli əmək əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 4000 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın sərvətlərin və götürəcək işlərin tam qaydasına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsini xahiş etmişlər. Əks təqdirdə Cavabdeh barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir.
15. İddiaçı MMC tərəfindən verilmiş İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 5175.01 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı ümumi müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə 3559.09 manat borc qalmışdır.
16. Mediasiya Şurası Bakı 20 saylı Mediasiya təşkilatından verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, işçinin adminstrator olduğu mağazada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmazlığa görə işçinin işəgötürənə vurduğu maddi ziyanın əvəzi olaraq 3959,09 manat pulun tutulması ilə bağlı ilkin mediasiya sessiyası keçirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə bu barədə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci tam ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh baş satıcı vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cəmiyyətin Gəncə 30 filialında aparılmış planlı inventarizasiya nəticələrinə əsasən Cəmiyyətə 5175 (beş min yüz yetmiş beş) manat 01 (bir) qəpik məbləğində zərər vurulmuşdur. Bundan sonra Cavabdeh öz arzusu ilə xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 5175.01 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı ümumi müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə 3559.09 manat borc qalmışdır. Hazırda iddiaçı həmin pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
23. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
24. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
25. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
26. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
28. Məhkəmə həmçinin iddianın əsaslılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi barədə iddia verərkən cavabdehin onun işçisi olduğunu, aralarındakı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin olmasına dair müvafiq sənədlər təqdim edərək ilkin sübutlarla təsdiq olunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Başqa sözlə, hazırkı vəziyyətdə iddiaçı, iddia müddətini ötürmədiyi halda iddia tələbi tam təmin olunardı.
29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş 1 illik iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı inventarizasiya aktına əsasən ona cavabdeh tərəfindən ziyan vurulmasını 14 iyun 2023-cü il tarixdə müəyyən etdiyi halda cavabdehə qarşı qeyd edilən iddia ilə 23 noyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ilkin mediasiya sessiyası üçün 07 iyun 2024-cü il tarixdə ərizə vermiş 11 iyun 2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göründüyü kimi iddiaçı sözügedən iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətini tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
32. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi:
İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov