Məhkəmə qərarları › İş №e-2(125)-567/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-567/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-567/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 113 manat 10 qəpik, hüquqi xidmətlərin göstərilməsi üçün və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmsı üçün ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 175 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı ilə «Ədalət-A» hüquq firması arasında 01 may 2008-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. 08 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanı qanunsuz qoşulma barədə aktlar tərtib edilərkən cavabdehin mülkiyyətində olmuşdur. Belə ki, 30 yanvar 2012-ci il tarixdə həmin ünvanda yaşayan Silvester Səmihə ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 07 iyun 2011-ci il tarixinədək etmiş və həmin ünvan 10 avqust 2011-ci il tarixdə 16 manat 20 qəpik borc ilə şəbəkədən ayrılmışdır. 30 yanvar 2012-ci il tarixdə «Ədalət-A» hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan imtina etmiş, bu barədə 0218K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İkinci dəfə 11 fevral 2013-cü il tarixdə «Ədalət-A» hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, mənzil sakini aktı imzalamaqdan imtina etmiş, bu barədə 0919K saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçınə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsəydi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməyə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 30 yanvar 2012-ci il tarixdən qanunsuz qoşulma faktının aşkar olunduğu 11 fevral 2013-cü il tarixə qədər olan müddət 377 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 113 manat 10 qəpik təşkil edir. 09 mart 2023-cü ildə tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı nümayəndəsi mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2012-ci il tarixli, 0218K saylı İddiaçı «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, İddiaçı və «Ədalət-A» hüquq firmasının əməkdaşlarının iştirakı ilə 30 yanvar 2012-ci il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 30 saylı mənzilinin «K@TV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdirlər. Əməkdaşlar həmin mənzilin qapısını döydükdən sonra 50-55 yaşlarında bir kişi qapını açmışdır və evdə kirayədə yaşadığını bildirmişdir. O həmin mənzildə «K@TV1»-in göstərdiyini bildirsə də, kabelə qanunsuz qoşulduqlarını inkar etmişdir. O, aktı və bildirişi imzalamayaraq qapını örtmüşdür, buna görə də əməkdaşlar aktı və bildirişi qapının arxasına qoymalı olmuşdur. İş materiallarında olan 11 fevral 2013-cü il tarixli, 0919KA saylı İddiaçı «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, İddiaçı və «Ədalət-A» hüquq firmasının əməkdaşlarının iştirakı ilə 11 fevral 2013-cü il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 30 saylı mənzilinin «K@TV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdirlər. Əməkdaşlar həmin mənzilin qapısını döydükdən sonra qapını bir xanım açmışdır və evdə kirayədə yaşadığını bildirmişdir. Ona «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar olunduğu izah edildikdən sonra o, evdə ürək-damar xəstəliyindən əziyyət çəkən bir sakin olduğunu və onun televizora baxması üçün kabelə qoşulduqlarını bildirmişdir. Aktı və bildiriş tərtib edildikdən sonra həmin xanıma təqdim edilmişdir. İşdə olan İddiaçı 22 iyun 2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı ilə ünvan 1 ünvanında yaşayan Silvester Səmihə arasında bağlanmış «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 07 dekabr 2007-ci il tarixində həmin ünvan «K@TV1» kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 07 iyun 2011-ci il tarixində isə son ödənişini etmişdir. 10 avqust 2011-ci il tarixdə 16 manat 20 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar hissəsinin 1 saylı Evlər İdarəsi tərəfindən verilmiş 24 fevral 2012-ci il tarixli, 120 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. İş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli 08 sentyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili X1 65.000 manat məbləğinə satmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsinin 13 may 2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş video diskdən görünür ki, «Ədalət-A» hüquq firmasının və İddiaçı əməkdaşları tərəfindən hansısa qoşulma ilə əlaqədar video qeydə alınsa da, qoşulmanı aparan şəxsi və qoşulmanın aparıldığı ünvanı müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirli (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh tərəfindən İddiaçı MMC-nə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 30 yanvar 2012-ci il tarixli, 0218K saylı və 11 fevral 2013-cü il tarixli, 0919KA saylı aktlarda ünvan 1 ünvana baxış keçirilərkən mənzildə kirayədə qalan şəxslərin «K@tv1» xidmətlərindən istifadəsini etiraf etdikləri göstərilmiş, lakin həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar hissəsinin 1 saylı Evlər İdarəsinin 24 fevral 2012-ci il tarixli, 120 nömrəli arayışında Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, 3 saylı evin, 30 saylı mənzilinin kirayəçisi deyil, mülkiyyətçisi olduğu göstərilmişdir. Beləliklə, İddiaçı Cavabdeh həmin mənzildə yaşaması və Cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin sübut qismində məhkəməyə təqdim edilmiş aktın iştirakçıları qismində Cavabdeh deyil, mənzilin kirayəçisi Silvester Səmih adlı şəxsin iştirak etdiyi göstərilmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki iddiası Cavabdeh münasibətdə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar