Məhkəmə qərarları › İş №e-2(125)-5769/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5769/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5769/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmədə baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, 00136 saylı borc müqaviləsinə əsasən 31975 AZN əsas borc, 2020 AZN faiz borcu, 3360 AZN dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 203 AZN olmaqla ümumilikdə cəmi 37558 AZN pulun tutularaq X2 xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X6 ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli 00136 saylı 32000 AZN dəyərində borc müqaviləsi bağlanmışdır. Cavabdeh fiziki şəxs X2 ona olan etimadından sui-istifadə edib həmin müqavilənin şərtlərini pozaraq borc məbləği üçün cavabdeh tərəfindən vəd edilən qızıl əşyaları tam həcmdə girov üçün təqdim etməyərək aylıq ödənişləri vaxtında etməyib. Bu səbəbdən hazırda Cavabdeh həmin borc müqaviləsi üzrə fiziki şəxs X3 31975 AZN əsas borcu, 2020 AZN faiz borcu, 3360 AZN dəbbə borcu olmaqla ümumilikdə cəmi 37355 AZN borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçı X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini, iddia tələbini təqdim etdiyi sübutlar əsasında təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o müqavilədə qeyd edilən ÖMƏR KREDO” MMC əməkdaşıdır. Cavabdeh onların müştərisidir. Əvvəl də 50000 manat kredit götürüb. X8 Nicat adlı şəxslə şərik işləyib, şəriklik bitdikdən sonra Kəmalə Əsgərova işi öhdəsinə götürüb. Cavabdeh İ.Pərvanəyə girov qarşılığında 32000 manat kredit verilib, ancaq Cavabdeh qızılları gətirəcəyinə söz versə də, gətirməyib. Kredit filial müdiri Novruz bəy tərəfindən verilmişdir, həmin vaxt K.əsgərova orda olmamış, lakin pullar K.Əsgərovaya məxsus olub. Cavabdeh tərəfindən ilk ay 1226 manat ödəniş məbləğinin 1200 manatı hissə-hissə ödənilsə də, növbəti aylarda heç bir ödəniş edilməmişdir. Cvabdehə ödəniş etməsi barədə xəbərdarlıq edilsə də, o borcu ödəməkdən boyun qaçırmışdır. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli ,00136 nömrəli Kredit borcu və girov müqaviləsinə əsasən "xxxx" (VÖEN **********) tərəfindən Cavabdeh Cəmaləddin qızına 36 ay müddətinə hissə-hissə ödəmək şərtilə 32000 manat istehlak məqsədli kredit verilmişdir. Müqaviləni borc verən qismində "xxxx" (VÖEN **********)-nin işçisi kimi qeyd edilən X7 imzalamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh "xxxx" MMC-yə 31975 AZN əsas borcu, 2020 AZN faiz borcu, 3360 AZN dəbbə borcu olmaqla ümumilikdə cəmi 37355 AZN borcu mövcuddur. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli , ******* nömrəli kassa məxaric elanından görünür ki, 15 aprel 2025-ci il tarixli ,00136 nömrəli müqaviləyə əsasən 32000 AZN nağd formada Cavabdeh Cəmaləddin qızına ödənilmişdir. İş materiallarında olan 15 aprel 2025-ci il tarixli ,00136 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, alınmış kredit üzrə hər ay 1255.45 AZN ödəniş ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 99204069 nömrəli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 750 əyar, likvid qiyməti 599,40 USD olan qızıl-zinət əşyalarını təhvil vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən: Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən: Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən: Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 362.5--ci maddəsinə əsasən: hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 385.1-ci maddəsinə əsasən: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən: Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.1-ci maddəsinə əsasən: Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 387.3-ci maddəsinə əsasən: Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən ilkin araşdırılmalı olan məsələnin iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq olmasını nəzərə alaraq məhkəmə qeyd edilən tələblə bağlı aşağıdakıları qeyd edir. İddiaçı K.Əsgərovanın 15 aprel 2025-ci il tarixli ,00136 nömrəli müqaviləyə əsaslanaraq hazırkı tələblə məhkəmədə iddia qaldırması üçün, iddiaçı ya həmin müqavilə üzrə tərəf olmalı, ya həmin müqavilədə o tərəf olmasa belə belə bir hüquq ona tanınmalı və ya həmin müqavilə üzrə tələb hüququ kreditor tərəfindən ona verilməlidir. İlk halla bağlı-yəni iddiaçınının müqavilə üzrə tərəf olması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilədə borc verən tərəf olaraq "xxxx" MMC göstərilmiş, onun VÖEN-ni ********** kimi qeyd edilmiş, həmçinin həmin müqaviləni borc veren kimi MMC-nin işçisi kimi qeyd edilən X7 imzalanmışdır. Müqavilədə borc verən olaraq göstərilmiş "xxxx" MMC-nin mövcud olub- olmamasına dair məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış müracitə cavab olaraq, iddiaçının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavabdan (ərizədən) görünür ki, iddiaçı bildirir ki, "xxxx" MMC iddiaçının qeydə alınmayan ticarət nişanıdır. Belə olan halda məhkəmə qeyd edir ki, mövcud olmayan MMC-nin müqavilədə tərəf olması göstərilməsi anlaşılan deyil. Bundan başqa müqavilədə qeyd olunan **********-nörməli VÖEN ilə bağlı EMİS üzərindən verilmiş sorğudan görünür ki, həmin VÖEN "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Həmçinin müqaviləni imzalayan şəxs qismində "xxxx" MMC tərəfindən işə götürülmüş X7 qeyd edilmişdir. X1 X2 adından müqavilə bağlamaq səlahiyyətini ilə bağlı xx.xx.2025-ci il tarixli K.Əsgərovanın özü tərəfindən təsdiq edilmiş etibarnamə məhkəməyə təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik yalnız notarial təsdiq edilməsi tələb olunan əqdlərlə bağlı verilən etibarnamənin notarial təsdiqini tələb etmişdir. Hazırkı müqavilə borc müqaviləsi olduğundan və onun notarial təsdiq edilməsi tələb olunmadığından qeyd edilən etibarnamənin notarial təsdiqinə ehtiyac yoxdur. Lakin, yuxarıda qeyd edidiyi kimi iddiaçı Kəmalə Əsgərova həmin müqavilə üzrə tərəf kimi qeyd olunmadığından, Novruz Əsgərova verilmiş etibarnamə müqavilədə VEÖN-i qeyd edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (və ya müvafiq olaraq qeydiyyata alınmışdırsa "xxxx" MMC) tərəfindən verilməli idi. Odur ki, hazırda müqavilənin tərəfi olmayan şəxsin qeyd olunan iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. İkinci halla yəni tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya belə bir hüququn tanınmasına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 387.3-ci maddəsinə əsasən tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Lakin, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqavilədə iddiaçının müqavilə üzrə hər hansısa bir hüququnun (o cümlədən tələb hüququnun) olması qeyd edilməmişdir. Üçüncü hala münasibətdə yəni tələb hüququnun daha sonra kreditor tərəfindən K.Əsgərovaya ötürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə üzrə tələb hüququ olan borc verən kimi qeyd edilmiş şəxslərdən (hansıkı indiki halda borc verən tərəfin kimi olduğunu dəqiq müəyyən etmək mümkün deyil) müqavilə üzrə tələb hüququnun iddiaçı K.Əsgərovaya ötürülməsi barədə hər hansı bir müqavilə və ya digər razılaşma məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilmiş halları nəzərə alaraq qeyd edir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mükün deyil. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 203 AZN dövlət rüsumundan ibarətdir. Hazırda iddia tələbi təmin olunmadığından məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X3 aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə həmin gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar