Məhkəmə qərarları › İş №e-2(125)-5800/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5800/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5800/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə X4 oğlu (borcalan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0741917/13 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən 700 manat, xx.xx.2014-cü il tarixli, CC0773417U/14A nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank borcalana illik 22.8 % faiz dərəcəsiylə 36 ay müddətinə 6535 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. X4 oğlu xx.xx.2014-cü ildə ölmüşdür və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən borcalandan qalan miras əmlakdan vərəsələri arvadı - Cavabdeh2, oğlu - Cavabdeh1 və oğlu – Cavabdeh3 bərəbər hissədə irs almışdırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2013-cü il tarixli, BAL0741917/13 nömrəli müqaviləyə əsasən 699.03 manat əsas, 17.48 manat faiz borcu; xx.xx.2014-cü il tarixli, CC0773417U/14A nömrəli müqaviləyə əsasən 6112.59 manat əsas, 42.66 manat faiz borcu olmaqla, cəmi 6871.76 manat borcun və 112 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum borcalanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88.71 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2013-cü il tarixli, BAL0741917/13 nömrəli kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə yaranmış 699.03 manat əsas, 17.48 manat faiz borcu olmaqla və xx.xx.2014-cü il tarixli, CC0773417U/14A nömrəli istehlak krediti müqaviləsi üzrə yaranmış 6112.59 manat əsas, 42.66 manat faiz borcu olmaqla ümumilikdə 6871 (altı min səkkiz yüz yetmiş bir) manat 76 (yetmiş altı) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88 (səksən səkkiz) manat 71 (yetmiş bir) qəpik pul, bank xidmət haqqı kimi 40 (qırx) qəpik pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar