Məhkəmə qərarları › İş №e-2(125)-584/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-584/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-584/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və əmlakdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61.8 kv.m olan mənzili Cavabdeh1 40500 manata satmağı, Cavabdeh1 ilkin olaraq 5000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə, qalan 35500 manat məbləği isə hər dörd ayda bir 3000 manat olmaqla 8 ödəniş və sonuncu ödəniş 11500 manat olmaqla xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən Cavabdeh1 ünvanlanmış, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli təkliflərlə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş və 10 gün müddətinə rəsmi şəkildə cavab verilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi və müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün Bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş barədə məlumata əsasən, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən hal-hazırki tarixədək 16600 manat ödəniş edilmişdir. İddiaçı QSC cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2 həmin əmlakdan çıxarılması, Banka təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək, sözügedən mənzili müqavilə əsasında əldə etdikdən sonra keçmiş arvadı Cavabdeh2 həmin mənzildə yaşamağa başlamışdır və hələ də orada yaşamaqdadır, lakin maddi çətinliklər ucbatından ödənişləri vaxtında və lazımınca həyata keçirə bilməmişdir. Cavabdeh1 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, digər cavabdeh isə iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-ci maddəsinə əsasən, Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 646.1 və 646.2-ci maddələrinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Hazırkı iş üzrə satıcı Bank və alıcı Cavabdeh1 daşınmaz əmlakın nisyə alqı-satqısı barədə müqavilə imzalamış, Bank müqavilə predmeti olan evi alıcının istifadə və sahibliyinə vermiş, ödənişlərə dair öhdəlik lazımınca icra etdikdən sonra həmin yaşayış sahəsini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Çəkişmə prinsipi təmin olunmuş, lakin alıcı əmlakın dəyərini tam və vaxtında ödəməsini təsdiqləyən dəlil(lər)i məhkəməyə təqdim etməmişdir. Bank alıcıya müqavilə öhdəliklərinin lazımınca icra edilməyəcəyi halda müqavilənin ləğv olunmasını təklif etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən təklifin göndərilməsi tərəflər arasında bağlanmış əqdin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, dəyəri tam ödənilmədiyi üçün Bank müqavilə predmeti olan evin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi təsbit edilməli, cavabdehlər daşınmaz əmlakdan çıxarılmalı və əmlak Banka təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi təsbit edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, ev 138 ünvanında yerləşən 23 nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar