Məhkəmə qərarları › İş №e-2(125)-5893/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5893/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5893/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov X1 Vüqar Səməd oğluna qarşı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş 45.000 ABŞ dolları məbləğində borcun ödənilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 30.375 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 2009-cu ilin iyun ayının əvvəllərində ondan 3-4 ay müddətində qaytarmaq şərtilə 60.000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. 2009-cu ilin sentyabr ayında ehtiyac yarandığı üçün o, Cavabdeh borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh qısa müddət ərzində borcu qaytaracağını bildirmiş, lakin vədinə əməl etməmişdir. Buna görə də o, Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Borc məbləğinin az bir hissəsi ödənildiyindən iddia məbləği 45.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2010cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə 45.000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, həmin qətnamə icra olunması üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin ötən 13 il 06 ay müddət ərzində məhkəmə qətnaməsi üzrə tutulmalı olan borc məbləğindən ona hər hansı məbləğ ödənilməmişdir. Borcun tutulması üzrə məhkəmə qətnaməsinin çıxarılmasından artıq 13 il 06 ay müddət keçmiş, lakin həmin borc məbləğindən indiyədək cavabdeh tərəfindən ödəniş edilməmişdir. Belə olan halda qeyd olunan müddət üçün illik 5% olmaqla 30.375 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 45.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 1676/2013 nömrəli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli icra sənədi xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. İşdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli icra sənədi üzrə xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Cavabdeh ünvanına göndərilmişdir. Cavabdeh adına daşınar və daşınmaz əmlak, gəlirlər aşkar olunmamışdır. Cavabdeh icra sənədi üzrə ödəniş etməmişdir. Cavabdeh barəsində axtarış elan edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli qətnaməsi ilə Cavabdeh 45.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin həmin qətnamənin qəbul edilməsindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 21 avqust 2023-cü il tarixədək ötən 13 il 06 ay müddət ərzində Cavabdeh İddiaçı olan həmin borcunu ödəməmişdir. Göründüyü kimi hazırki iddianın əsası pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi ilə əlaqədar qalıq borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanan faizin ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 447.5-ci maddəsi kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək məbləğdə pulu tələb etməyə görə sübut etmək yükündən azad etsə də, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli A.M.21553/2013 nömrəli arayışı ilə Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli icra sənədi üzrə borcunu ödəmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə qeyd olunanları, həmçinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli qətnaməsinin qəbul edilməsindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 21 avqust 2023-cü il tarixədək 13 il 06 ay 09 gün müddət keçməsini və həmin məhkəmə qətnaməsi ilə V.S.Məmmədovdan İddiaçı xeyrinə tutulması qət edilmiş 45.000 ABŞ dolları məbləğində pul vəsaitinin 5 faizi məbləğində hissəsinin 2.250 ABŞ dolları olmasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-18/2010 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş 45.000 ABŞ dolları məbləğində borcun ödənilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 30.375 ABŞ dolları (45.000 ABŞ dolları x 5% = 2.250 ABŞ dolları; 2.250 ABŞ dolları x 13 il + 2.250 x 0,5 il (06 ay) = 30.375 ABŞ dolları) məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 245 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 30.375 (otuz min üç yüz yetmiş beş) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar