Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5894/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 4.336 manat 17 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.202 manat, cərimə qismində 36 manat 70 qəpik cəmi 5.574 manat 87 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat 75 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdəndən iddiaçının xeyrinə müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramında iddiaçının nümayəndəsi R.N.Ramil mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli **********0213 nömrəli kredit müqaviləsi üzrə İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 illik 30% faiz dərəcəsi ilə, 24 ay müddətinə 4.400 manat məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı ailə-kəndli təsərüffatının yaradılması və (və ya genişləndirilməsi), həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Buna görə də hüquqi şəxs olan Finca Azerbaijan» X1-Bank Kredit Təşkilatı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs - Cavabdeh1 (VÖEN **********) arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar borc pul münasibətlərindən yaranmışdır. Göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-5894/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5894/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver