Məhkəmə qərarları › İş №e-2(125)-5911/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5911/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5911/2025 29.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 136,45 manat əsas, 29,75 manat penya (dəbbə) borcu, və 60 manat cərimə borcu olmaqla, cəmi 226,20 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli, 1220/052025-222248 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 45 gün müddətinə, illik 108% dərəcəsi ilə 200 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh verilmiş kredit borcu üzrə 136,45 manat əsas, 29,75 manat penya (dəbbə), 60 manat cərimə borcu olmaqla, cəmi 226,20 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh 200 manat məbləğində vəsaitin verilməsinə dair dair İddiaçı BOKT MMC-nin baş direktoru tərəfindən razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, 1220/052025-222248 saylı kredit istehlak müqaviləsinin 7.1 və 7.2-ci maddəinə istinad edərək, həmin öhdəliyin vaxtında icra edilməməsinə görə faiz eyni zamanda cərimə pulu tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-5.2 -ci maddəsinə görə İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Göründüyü ki, tərəflər arasında bağlanmış müqavilə istehlak krediti müqaviləsi olduğundan iddiaçı seçiminə əsasən ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) ya da ki, cərimə pulunu tələb edə bilər. Lakin, iddiaçı hazırda hər iki tələbi irəli sürmüşdür. Məhkəmə müqavilənin qeyd edilən bəndləri ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Lakin, müqavilənin 7.1-ci maddəsində ödənişlərin gecikdirilməsinə görə faizlər müəyyən olunmuş faizin 2 misli kimi müəyyən edilmişdir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, qeyd ediən bənd qanunvericiliyin tələbinin ziddinə olaraq müqaviləyə əlavə edildiyindən müqavilənin həmin hissəsi yəni 7.1-ci bəndi etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 -ci maddəsinə görə: Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci -ci maddəsinə görə: Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bu səbəbdəndə iddia tələbinin tərəflər aralarında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən tələb olunan 29.75 manat hissəsi əsassızdır və həmin hissədə iddia təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, hazırki müqavilənin 7.1-ci bəndinin etibarsız hesab olunması ümumilikdə əqdin etibarsızlığına səbəb olmur. Belə ki, hazır ki kredit müqaviləsi etibarsız hissəsə daxil edilmədən də bağlana bilərdi. Bundan başqa, məhkəmə hesab edir ki, ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) hissəsində etibarsız hesab edildiyindən, öhdəliyin vaxtında icra olunmamasına görə kreditor cərimə (penya) tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun və borclunun əmlak mənafeləri, nəzərə alaraq, 60 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2025-ci il tarixli, 1220/052025-222248 nömrəli müqavilə üzrə yaranmış 136.45 manat əsas və 10 manat cərimə borcu, həmçinin iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 1220/052025-222248 saylı kredit müqaviləsinə əsasən 136,45 manat əsas, 10 manat cərimə, cəmi 146 (yüz qırx altı) manat 45 (qırx beş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı BOKT MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar