Məhkəmə qərarları › İş №e-2(125)-592/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-592/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-592/2022 13.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavaddehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 18 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 2000 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında Cavabdeh1 zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC cavadehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsinin vaxtından ləğv edilməsi, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1550 manat əsas borc, 186,62 manat faiz borcu, 257,94 manat cərimə borcu olmaqla, cəmi 1994,56 manat borcun və dövlət rüsumu 41,50 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borc ödənilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə Banka xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1550 manat əsas borc, 186,62 manat faiz borcu, 257,94 manat cərimə borcu olmaqla, cəmi 1994,56 manat borcu hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 yazılı ərizə təqdim edərək iddia tələbini etiraf etdiyini bildirmişdir. Cavabdeh2 iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi əsas və faiz borcunun tutulması hissəsində qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Belə ki, cavabdeh tərəf daha çox ödəniş edilməsi və (ya) az borcun qalması barədə hər hansı dəlillə həmin hissədə tələbi təkzib etmir. Buna görə də iddianın etirafı 1550 manat əsas və 186,62 manat faiz borcunun tutulması hissəsində qəbul edilməklə iddia həmin hissələrdə təmin olunmalı və cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Lakin iddia həmçinin zamin qismində Cavabdeh2 tərəfindən yazılı qaydada etiraf olunmamışdır. Məhkəmə hesab edir ki, hesablanmış cərimə borcu tənasübsüz yüksək olduğundan borcalanın təktərəfli etirafı əsasında həmçinin cərimə borcunun tam həcmdə tutulması zamin qismində Cavabdeh2 hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 96 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 276/İST/2021 saylı kredit müqaviləsi üzrə 1550 manat əsas borc, 186,62 manat faiz borcu, 96 manat cərimə borcu olmaqla, cəmi 1832 (min səkkiz yüz otuz iki) manat 62 (altmış iki) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar