Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5987/2025 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2465 №-li 3100 (üç min yüz) manat məbləğində borc müqaviləsinə əsasən, Cavabdeh 2255 manat əsas borc, 918 manat faiz borcu, 2003 manat dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5249 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 2465 №-li 3100 (üç min yüz) manat məbləğində borc müqaviləsi bağlanıb. Cavabdeh həmin borc müqaviləsinin şərtlərinə əməl etməyərək İddiaçı MMC-yə müqavilə üzrə aylıq ödənişləri ödəməmişdir. Hazırda İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2465 №- li 3100 manat məbləğində borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə 2255 manat əsas borc, 918 manat faiz borcu, 2003 manat dəbbə borcu olmaqla, cəmi 5176 manat məbləğində borcu var. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olanİddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2465 nömrəli “təminatlı suda borcu və saxlanc girovu haqqında” müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3100 manat məbləğində illik 63 faiz olmaqla təminatlı ssuda borcu verir, borcalan isə 12 ay müddətinə hazırki müqaviləyə müvafiq olaraq alınmış ssuda borcunu qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi müqavilə ilə şərtləşdirilmiş miqdarda ssuda borcdan istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən borcalan bu müqavilənin 4.2-ci bəndində göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda borcverən girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. Müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, borc 16 ay müddətinə verilmişdir və Cavabdeh həmin müqavilə üzrə 1608,65 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3100 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış “borc müqaviləsinə əsasən borcun ödənilməsi” tələbi barədə pretenziya məktubunda borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 3200 manat məbləğində borc verilməsi barədə müqavilə bağlanmışdır.Həmin müqavilə üzrə cavabdeh 2262 manat ödəniş etmişdir. Ödənişin 1317 manatı faizdən 945 manatı əsas borcdan silinmişdir. Hazırda Cavabdeh 2255 manat əsas, 918 manat faiz, 2003 manat dəbbə borcu olmaqla, ümumilikdə cəmi 5176 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 73 manat dövlət rüsumu (xidmət haqqı ilə birlikdə) ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2465 nömrəli “təminatlı suda borcu və saxlanc girovu haqqında” müqaviləyə əsasən, cavabdehə 12 ay müddətinə illik 63% ödəmək şərtilə 3100 manat məbləğində ssuda borcu verilmişdir. Bununla belə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən müəyyən edilir ki, borcun məbləği 3200 manatdın və borc 16 ay müddətinə verilmişdir və Cavabdeh həmin müqavilə üzrə 1608,65 manat məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin müqavilə üzrə 2262 manat ödəniş etmişdir, həmin ödənişdən 1317 manat faiz, 945 manat əsas borcdan silinmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından verilmiş kreditə görə hansısa qızıl əşyasının girov qoyulması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hazırki işlə bağlı əvvəlcə onu qeyd edir ki, iddiaçı əsas borcun 3200 manat olduğunu qeyd etsə də, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2465 nömrəli “təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 3100 manat məbləğində borc verilmişdir. MPM-in sübutlarla bağlı tələblərinə əsaslanan məhkəmə hesab edir ki, cavabdehin aldığı borc məbləğinin 3100 manat olduğu işin faktiki halı kimi təsdiq olunur. İddiaçının təqdim etdiyi maliyyə arayışında cavabdehin əsas borcdan 945 manat ödədiyi göstərilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, cavabdehin əsas borcu (3100-945)=2155 manat məbləğindədir. Bundan başqa, cavabdehin faiz borcundan ödədiyi 1317 manat məbləği onun müqavilə üzrə ödəməli olduğu 1608,65 manat məbləğindən çıxıldıqda cavabdehin müqavilə üzrə ödəməli olduğu məbləğ (1608,65-1317)=291,65 manat məbləğini təşkil edir. Adi riyazi hesablamanı bu qaydada apararkən məhkəmə nəzərə alır ki, iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh kredit borcundan ödədiyi 2262 manat ödənişlərdən heç bir məbləğ cəriməyə siliməmişdir. Bundan başqa, cavabdeh borcunu vaxtında ödəmədiyindən iddiaçı Təşkilat tərəfindən ödənişlərin gecikdirilməsinə görə cavabdehə 2003 manat məbləğində dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə hesab edir ki, iddia əsas borc və faiz bircu tələbi hissədə qismən təmin edilməli, cavabdehin əsas borcu 2155 manat məbləğində, faiz borcu isə 291,65 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçının müqavilə üzrə 2003 manat cərimə borcunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə müqavilə üzrə cərimənin azaldılaraq iddia edilən 2003 manat əsas borcunun 10 faizi qədər, yəni, 225 manat məbləğində müəyyən edilməsini həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 2465 nömrəli “təminatlı suda borcu və saxlanc girovu haqqında” müqaviləyə görə əsas borc üzrə 2155 manat məbləğində əsas kredit borcu, 291,65 manat məbləğində faiz borcu və 225 manat cərimə borcu olmaqla, cəmi 2701,65 manat məbləğində pul alınıb, İddiaçı MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Baxılan işdə iddia qismən əsaslı sayıldığından, ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 73 manat Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2465 nömrəli müqaviləyə əsasən yaranan 2155 manat məbləğində əsas kredit borcu, 291,65 manat məbləğində faiz borcu və 225 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2701 (iki min yedd yüz bir) manat 65 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73 (yetmiş üç) manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-5987/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5987/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver