Məhkəmə qərarları › İş №e-2(125)-5988/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5988/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5988/2023 22.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 428/İST/2021 saylı kredit müqaviləsi üzrə 796,50 manat əsas, 143,93 manat faiz borcu və 360,28 manat cərimə borcu olmaqla, cəmi 1300,71 manat məbləğində borcun və ödənilmiş 33,01 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 428/İST/2021 saylı kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 21% olmaqla, 18 ay müddətinə 3100 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etməmişdirlər. Nəticədə Cavabdeh2 İddiaçı ASC-yə olan kredit borcu 796,50 manat əsas, 143,93 manat faiz borcu və 360,28 manat cərimə borcu olmaqla, cəmi 1300,71 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. xx.xx.2021-ci il tarixli, İK 428/İST/2021 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 illik faiz dərəcəsi 21% olmaqla, 18 ay müddətinə 3100 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli, İK428/İST/2021 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi tərəflər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, İK428/İST/2021 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 götürdüyü krediti xx.xx.2023-cü ilə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASCdən 3100 manat pulu qəbul etmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh2 xx.xx.2021-ci il tarixli, İK 428/İST/2021 nömrəli kredit müqaviləsi üzrə borcu 796,50 manat əsas, 143,93 manat faiz borcu və 360,28 manat cərimə olmaqla, cəmi 1300,71 manat təşkil edir. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdehlər aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdirlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə müqavilənin şərtlərini pozmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilmələrini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 360,28 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Kredit borcunun borcalan Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə borcun tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir.Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2021-ci il tarixli, İK428/İST/2021 nömrəli kredit müqaviləsi üzrə 796,50 manat əsas, 143,93 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 950,43 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbininin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, İK428/İST/2021 nömrəli kredit müqaviləsi üzrə 796,50 manat əsas, 143,93 manat faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 950,43 (doqquz yüz əlli manat 43 qəpik) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar