Məhkəmə qərarları › İş №e-2(125)-6004/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6004/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6004/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 27 dekabr 2019cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.650 manat 03 qəpik, hesablanmış və ödəniməmiş faiz borcu qismində 5 manat 38 qəpik, cərimə qismində 3 manat 33 qəpik, cəmi 3.658 manat 74 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 59 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 8.299 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, GK-068-İS/2019 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 3.650 manat 03 qəpik əsas, 5 manat 38 qəpik faiz, 3 manat 33 qəpik cərimə olmaqla, cəmi borcu 3.658 manat 74 qəpik təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Buna görə də kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Sonda E.N.Əsədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 dekabr 2019-cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin «Gəncə» filialı ilə bağladığı 27 dekabr 2019-cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 faiz, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 8.299 manat məbləğində pul vəsaitini, həmin müqavilənin 1 nömrəli əlavəsində müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə kredit götürmüşdür. İşdə olan 27 dekabr 2019-cu il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin «Gəncə» filialından 8.299 manat məbləğində nağd pul vəsaitini almışdır. İş materiallarında olan İddiaçı ASC-nin 27 dekabr 2019-cu il tarixli, İK№GK-068- İS/2019 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 27 dekabr 2019-cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə iddiaçıya borcu əsas borc qismində 3.650 manat 03 qəpik, 17 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5 manat 38 qəpik, cərimə qismində 3 manat 33 qəpik təşkil edir. İşdə olan 27 dekabr 2019-cu il tarixli, GK-068-İS/2019 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 27 dekabr 2019-cu il tarixli, İK№GK-068- İS/2019 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya əsas borc qismində 3.650 manat 03 qəpik, 17 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5 manat 38 qəpik, cərimə qismində 3 manat 33 qəpik, cəmi 3.658 manat 74 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 27 dekabr 2019-cu il tarixli, İK№GK- 068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 3.650 manat 03 qəpik, 17 avqust 2023-cü il tarixə hesablanmış və ödəniməmiş faiz borcu qismində 5 manat 38 qəpik, cərimə qismində 3 manat 33 qəpik, cəmi 3.658 manat 74 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 56 manat 59 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 27 dekabr 2019-cu il tarixli, İK№GK-068-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.650 (üç min altı yüz əlli) manat 03 (üç) qəpik, 17 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5 (beş) manat 38 (otuz səkkiz) qəpik, cərimə qismində 3 (üç) manat 33 (otuz üç) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 56 (əlli altı) manat 59 (əlli doqquz) qəpik, cəmi 3.715 (üç min yeddi yüz on beş) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar