Məhkəmə qərarları › İş №e-2(125)-604/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-604/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-604/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, 800804-530797/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 5026,59 manat, faiz borcu üzrə 684,41 manat olmaqla, cəmi 5711 manat pul vəsaitinin və dövlət rüsumuna görə 77,51 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 800804-530797/6 nömrəli kredit müqaviləsinə, kassa məxaric orderinə və hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 16,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 16500 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2025-ci il tarixi də daxil olmaqla hər ay 584,17 manat, sonuncu ay isə 582,51 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 26 noyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5026,59 manat məbləğində əsas bоrc və 684,41 manat faiz borcu оlmaqla, cəmi 5711 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, qeyd olunan məbləğdə pul vəsaitini kredit götürmüşdür. İşlədiyi qızıl mədəni təmirə bağlandığı üçün 4 ay ödəniş edə bilməsə də, hazırda ödənişlər edir. Əmək haqqısının yarısı, təxminən 497 manatı başqa banka olan borcuna çıxılır, əmək haqqısının digər yarısını isə ailəsinin xərclərinə ödəyir. Himayəsində üç azyaşlı uşağı var, odur ki, aylıq ödənişinin azaldılaraq borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kassa məxaric orderinə və hesabdan çıxarışlara görə Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 16,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 16500 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə uyğun olaraq Bank müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana kredit verməyi, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndinə görə kreditin borcalan tərəfindən qaytarılması və kredit üzrə faizlərin ödənilməsi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Müqavilənin 2.10-cu bəndinə görə bu müqavilədə və müqavilənin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 (sıfır tam onda beş) faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilir. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə əks olunmamış tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, fors-major halları, mübahisələrin həlli qaydası və bu müqavilədən irəli gələn digər münasibətlər Ümumi Şərtlərlə tənzimlənir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.1-ci bəndinə görə ümumi şərtlər və müqavilə ilə nəzərdə tutulan hallarda və qaydada kredit üzrə əsas borcun, o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz borclarını, ödənişlərin gecikdirilməsinə görə faizləri (gecikdirilmə faizləri), həmçinin dəbbə pulunu (cərimə, penyanı) dərhal qaytarılmasını tələb etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.16-cı bəndinə görə borcalan bu Ümumi Şərtlər və Müqavilə üzrə öhdəliklərini, habelə Bank qarşısında olan digər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, xidmət haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görmək (kartın bloklaşdırılması, kredit xətti limitinin sıfırlanması və s.) və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.6.1-ci və 2.2.6.1.2-ci bəndlərinə görə Bank borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında Ümumi Şərtlər və Müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 800804-530797/6 nömrəli kredit müqaviləsi üzrə Banka 5026,59 manat əsas, 684,41 manat faiz borcu olmaqla, cəmi 5711 manat kredit borcu mövcuddur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, 5682,16 manat (5026,59 manat əsas və 655,57 manat faiz) məbləğində borcu xx.xx.2024-cü il tarixinədək ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu - ödənilməmiş əsas borc qismində 5026,59 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 655,57 manat təşkil etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2022-ci il tarixdə bağlanmış 800804-530797/6 nömrəli kredit müqaviləsindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ödənilməmiş əsas borc qismində 5026,59 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 655,57 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 5026,59 manat, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 655,57 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən borcalan məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən borcalan bankdan sözügedən pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 5026,59 manat, faizlər üzrə 655,57 manat olmaqla, cəmi 5682,16 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 76,82 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 800804-530797/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5026,59 manat əsas borc, 655,57 manat faiz borcu olmaqla, cəmi 5682,16 (beş min altı yüz səksən iki manat on altı qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,82 (yetmiş altı manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar