Məhkəmə qərarları › İş №e-2(125)-6047/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6047/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6047/2023 16.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 88 manat 20 qəpik, hüquqi xidmətlərin göstərilməsi üçün və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmsı üçün ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik, cəmi 218 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddia ərizəsində göstərmişdir ki, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı ilə «Ədalət-A» hüquq firması arasında xx.xx.2008ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. ünvan 1 ünvanı cavabdehin mülkiyyətində olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan Şərifov Məmməd ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil «K@TV1» xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2008-ci il tarixinədək etmiş və xx.xx.2008-ci il tarixdə 12 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə «Ədalət- A» hüquq firmasının və «K@TV1» kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühəndisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1056 N nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1056 N nömrəli akt tərtib edilənədək həmin ünvanda yerləşən mənzilə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2013cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 294 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 88 manat 20 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC «Ədalət-A» hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1 -ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. xx.xx.2023-cü ildə tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin nümayəndəsi mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh AllahverdiyevaTamam Mikayıl qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1056 nömrəli İddiaçı «K@TV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən görünür ki, İddiaçı və «Ədalət-A» hüquq firmasının əməkdaşlarının iştirakı ilə xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 30 nömrəli mənzilinin «K@TV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdir. Əməkdaşlar həmin mənzilin qapısını döymüş, qapını açan olmamışdır. Buna görə də əməkdaşlar aktı və bildirişi qapının arxasına qoymalı olmuşlar. İşdə olan İddiaçı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı ilə ünvan 2 ünvanında yaşayan Məmməd Şərifov arasında bağlanmış «K@TV1» kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixində həmin ünvan «K@TV1» kabel televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2008-ci il tarixində isə son ödənişini etmişdir. xx.xx.2008-ci il tarixdə 12 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin Maps şöbəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2019-cu il tarixli, 824 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanın sahibidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh tərəfindən İddiaçı MMC-nə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində Bakı şəhəri, 3-cü mikrorayon, H.B.Əliyev küçəsində yerləşən 4 nömrəli evin 14 mənzilin Cavabdeh mülkiyyətində olduğu, həmin ünvanda yaşayan Şərifov Məmməd ilə İddiaçı MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan mənzilin «K@TV1» xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulduğu, son ödəmənin xx.xx.2008-ci il tarixinədək edildiyi və xx.xx.2008-ci il tarixdə 12 manat 60 qəpik məbləğində borc ilə şəbəkədən ayrıldığı göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında hər hansı müqavilə bağlanmamış, Cavabdeh ilə hər hansı xidmətin göstərilməsi üçün bu və ya digər qaydada İddiaçı MMC ilə razılıq əldə edilməmiş və Bakı şəhəri, 3-cü mikrorayon, H.B.Əliyev küçəsində yerləşən 4 nömrəli evin 14 mənzilin kabel şəbəkəsinə qoşulması üçün bütün razılaşmalar başqa şəxslə əldə olunmuşdur. Digər tərəfdən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1056 nömrəli aktda şəbəkəyə qoşulmaq üçün yalnız hansısa kabelin Bakı şəhəri, 3cü mikrorayon, H.B.Əliyev küçəsində yerləşən 4 nömrəli evin 14 mənzilə daxil olduğu göstərilmiş, lakin həmin mənzildə kabel şəbəkəsindən istifadə edilib-edilmədiyinə, istifadə edilirsə, məhz Cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, İddiaçı MMC Cavabdeh həmin mənzildə yaşaması və Cavabdeh tərəfindən qanunsuz qoşulma faktının mövcud olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırki iddiası Cavabdeh münasibətdə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar