Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6048/2023 27.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı «AtaSığorta” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1256 manat sığorta ödənişi məbləğinin və 32,96 manat dövlət rüsumunun, cəmi 1288,96 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "AtaSığorta” ASC-də bağlanmış xx.xx.2021-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “Opel Astra” markalı, 99TA638 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 23 may 2022-ci il tarixində “Opel Astra” markalı, 99TA638 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Vaz 21074” markalı, 90EE283 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması ilə əlaqədar "xxxx" ASC tərəfindən 1256 manat məbləğində sığorta ödənişi keçirilmişdir. Goranboy Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Opel Astra” markalı, dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda və idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1256 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli PAA********** saylı sığorta müqaviləsindən görünür ki, “Opel Astra” markalı, 99TA638 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İXM-nin 327.2 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(045)-371/2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 800 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, 22-03314/07/AA-2263/22 saylı sığorta aktından görünür ki, sığorta ödənişi 1256 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, **********81354 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 12565 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, AS-23/242 nömrəli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehdən zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.» İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından bəhs edən 25.1-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biridə bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində nəzərdə tutulmuş haldır. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermişdir. Belə ki, avtomobili idarə etməyə hüququ olmamış və avtomobili sərxoş halda idarə etmişdir. Zərərin aradan qaldırılması ilə əlaqədar "xxxx" ASC tərəfindən 1256 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin cavabdehə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini etmiş sığortaçıya yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 1256 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 32,56 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. Cavabdeh 1256 (bir min iki yüz əlli altı) manat pul və ödənilmiş 32,56 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6048/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6048/2023
27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver