Məhkəmə qərarları › İş №e-2(125)-6050/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6050/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6050/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı 30 noyabr 2022-ci il tarixli, İK-221158/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.209 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.223 manat 37 qəpik, cərimə qismində 1.216 manat 65 qəpik, cəmi 19.649 manat 20 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 148 manat 95 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı ASC-nin «Gənclik» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK- 221158/22 nömrəli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 16 faiz olmaqla, 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 17.209 manat 18 qəpik əsas, 1.223 manat 37 qəpik faiz, 1.216 manat 65 qəpik cərimə borcu olmaqla, cəmi borcu 19.649 manat 20 qəpik təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Buna görə də kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. X1 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 noyabr 2022-ci il tarixli, İK-221158/22 nömrəli kredit müqaviləsinin və müqaviləyə əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı ASC-nin «Gənclik» filialı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 16 % olmaqla, 36 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin «Gənclik» filialından 18.000 manat məbləğində nəğd pul vəsaitini almışdır. İşdə olan İddiaçı ASC-nin 30 noyabr 2022-ci il tarixli, İK-221158/22 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 17.209 manat 18 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.223 manat 37 qəpik, cərimə qismində 1.216 manat 65 qəpik, cəmi 19.649 manat 20 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 17.209 manat 18 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.223 manat 37 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 1.216 manat 65 qəpik təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 30 noyabr 2022-ci il tarixli, İK-221158/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.209 manat 18 qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.223 manat 37 qəpik, cərimə qismində 100 manat, cəmi 18.532 manat 55 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 145 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 noyabr 2022-ci il tarixli, İK-221158/22 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.209 (on yeddi min iki yüz doqquz) manat 18 (on səkkiz) qəpik, 20 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.223 (bir min iki yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik, cərimə qismində 100 (bir yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 145 (bir yüz qırx beş) manat 60 (altmış) qəpik, cəmi 18.678 (on səkkiz min altı yüz yetmiş səkkiz) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar