Məhkəmə qərarları › İş №e-2(125)-6050/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6050/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6050/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə cavabdeh Əhmədov Eşqin Vaqif oğlu arasında bağlanmış BPM**********97 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən 2500 manat nağd və 300 manat məbləğində kart krediti limiti verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Əhmədov Eşqin Vaqif oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1836 nömrəli məktubuna əsasən, Əhmədov Eşqin Vaqif oğlunun miras qalmış əmlakı Cavabdeh qəbul etmişdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixədək Əhmədov Eşqin Vaqif oğluna xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1416,77 manat əsas borcun, kart kredit limiti üzrə 257,89 manat əsas, 9,97 manat faiz borcu olmaqla cəmi 267,86 manat borc hesablanmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Əhmədov Eşqin Vaqif oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********97 saylı, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1416,77 manat əsas borcun, kart kredit limiti üzrə 257,89 manat əsas, 9,97 manat faiz borcu olmaqla cəmi 267,86 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36,85 manat pulun və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsəsi tərəfindən icra edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Əhmədov Eşqin Vaqif oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, BPM**********97 saylı, xx.xx.2021-ci il tarixli nağd kredit üzrə 1416,77 manat əsas borc, kart kredit limiti üzrə 257,89 manat əsas, 9,97 manat faiz borcu olmaqla cəmi 267,86 manat borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi və 36,85 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, BPM**********97 saylı tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1416 (min dörd yüz on altı) manat 77 (yetmiş yeddi) qəpik əsas borc, kart kredit limiti üzrə 257,89 manat əsas, 9,97 manat faiz borcu olmaqla cəmi 267 (iki yüz altmış yeddi) manat 86 (səksən altı) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 85 (səksən beş) qəpik və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar