Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6088/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Həsənov Həsən İsrəfil oğlu (borcalan) arasında bağlanmış xx.xx.2121-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən X1 İsrəfil oğluna illik 24 % faiz dərəcəsiylə 36 ay müddətinə 300 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2123-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən X1 İsrəfil oğluna illik 21%-lə 42 ay müddətinə 2450 manat nəğd kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həsənov Həsən İsrəfil oğlu xx.xx.2024-cü ildə vəfat etmişdir və 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1836 nömrəli məktubundan görünür ki, Həsənov Həsən İsrəfil oğlundan qalmış mirası Cavabdeh2 və Cavabdeh1 qəbul etmişdirlər. Bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 469.68 manat əsas, 7.23 manat faiz, cəmi 476.91 manat borcun ödənilməsi tələb edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2063.89 manat əsas, 35.21 manat faiz olmaqla ümumilikdə 2099.10 manat borcun; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən kart limiti üzrə 299.12 manat əsas, 12.49 faiz olmaqla ümumilikdə 311.61 manat borcun və 44.11 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsəsi tərəfindən icra edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məmzununa uyğun izahat verərək, faiz borcunun borcalanın vəfat etdiyi tarixədək hesablandığını bildirdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, onkoloji xəstəlikdən əziyyət çəkir və borcun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Həsənov Həsən İsrəfil oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi olan Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Odur ki, xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 2063.89 manat əsas, 35.21 manat faiz olmaqla ümumilikdə 2099.10 manat borc; xx.xx.2021-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 299.12 manat əsas, 12.49 manat faiz borcu olmaqla ümumilikdə 311.61 cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi və 44.10 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-221, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 2063.89 manat əsas, 35.21 manat faiz borcu olmaqla, ümumilikdə 2099 (iki min doxsan doqquz) manat 10 (on) qəpik borc; xx.xx.2021-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 299.12 manat əsas, 12.49 manat faiz borcu olmaqla, ümumilikdə 311 (üç yuz on bir) manat 61 (altmış bir) qəpik borc və 44 (qırx dörd) manat 10 (on) qəpik ödənilmiş dövlət rüsumu, 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-6088/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6088/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver