Məhkəmə qərarları › İş №e-2(125)-6118/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6118/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6118/2025 10.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5506,10 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 26 manat məbləğin Cavabdeh tutularaq, Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə sayıcı-hesablayıcı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə İddiaçı MMC-nin- “OBA Gəncə 69” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh 5425 manat 55 qəpik və 1906 manat 42 qəpik Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamələr alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5506 manat 10 qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5506 manat 10 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X3 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, administrator vəzifəsində işləmişdir. Çatışmazlıq işçilərin yeyintisi nəticəsində əmələ gəlmişdir. İşçilərin də izahatları alınmış, məsul şəxs isə o olmuşdur. Yeyinti aşkar edən kimi rəhbərliyə məlumat vermiş, işçilər dəyişdirilməli olduğu halda, heç bir tədbir görülməmişdir. Məsuliyyət onundur, ancaq indi həmin məbləği ödəməyə imkanı yoxdur, heç yerdə işləmir. Mülki işə əlavə edilmiş:- xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən və xx.xx.2021-ci il tarixli, 353 İ-Q saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə sayıcıhesablayıcı köməkçisi işinə qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli, 177 V-d saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsindən xx.xx.2024-cü il tarixdən administrator vəzifəsinə keçirilmiş və xx.xx.2024-cü il tarixli X3 haqqında müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixli, 28-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama əsasında Cavabdeh Oba-Gəncə 69 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə 5425,55 manat məbləğində zərər vurması müəyyən olmuşdur. xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama əsasında Cavabdeh Oba-Gəncə 69 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə 1906,42 manat məbləğində zərər vurması müəyyən olmuşdur. xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli iltizamnamələrdən görünür ki, Cavabdeh sayımda iştirak edərək, heç bir etirazının olmadığına və qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilməsinə dair iltizamnamələrə imza etmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2024-cü il tarixində 6382,47 manat və xx.xx.2025-ci il tarixində 1906,42 manat çatışmazlıq müəyyən edilmişdir. Cəmiyyət tərəfindən müvafiq güzəştlər edilməklə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan ümumi borcu 5506,1 manat təşkil etmişdir. Xəbərdarlıq məktubundan görünür ki, cavabdehə dəymiş zərəri könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00843 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 13:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanaraq Cavabdeh xx.xx.2021-ci ildə İddiaçındə sayıcı-hesablayıcı köməkçisi işinə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli, 177 V-d saylı əmrə əsasən xx.xx.2024-cü il tarixdən Cəmiyyətin satış departamentinin satış şöbəsindən administrator vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli X3 haqqında müqavilə bağlanmışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh çalışdığı müddətdə intizam xətasına yol vermiş, aparılmış inventarizasiya yoxlamaları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamələr alınmış və nəticədə Cəmiyyətə 5506,10 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdeh isə izahatında göstərilən halları etiraf etmiş, məsul şəxs olmaqla məsuliyyətin ona məxsus olduğunu, lakin işçilər tərəfindən yeyinti aşkar edən kimi rəhbərliyə məlumat verməsinə baxmayaraq, heç bir tədbir görülmədiyini, vurduğu zərəri isə hazırda ödəməyə imkanının olmadığını və heç yerdə işləmədiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5506,10 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 26 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 5506,10 (beş min beş yüz altı manat 10 qəpik) manat məbləğində maddi ziyan, 60 manat mediasiya xərci və iş üzrə ödənilmiş 26 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar