Məhkəmə qərarları › İş №e-2(125)-615/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-615/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-615/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi 10678,33 (on min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat məbləğin və ödənilmiş 122,03 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi 10678,33 manat problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK-MİN-33 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirmişlər ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 faizlə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 iddiaçıya olan ödənilməmiş borcu 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi borcu 10678,33 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə borcluya və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, həqiqətən "xxxx" ASC-nin Mingəçevir filialı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 22 faizlə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1xx.xx.2014MİN57 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN 57 saylı zaminlik müqavilələri bağlanmışdır. İmkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçıya 10678,33 (on min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat borcu vardır. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləki, işdə olan "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 faizlə 10.000 ( on min ) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN 57 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN 57 saylı zaminlik müqavilələri bağlanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 8.049,32 manat məbləğində əsas, 2.629.01 manat məbləğində faiz borcu olmaqla, cəmi 10678.33 ABŞ dolları borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 122.03 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 22 faizlə 10.000 ( on min ) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN 57 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 1xx.xx.2014MİN57 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər müqavilə üzrə götürdükləri öhdəliyi lazımınca yerinə yetirməmişlər. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı Bank tərəfindən cavabdehlərə 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi borcu 10678,33 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda iddiaçının digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı bank və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, hazırkı iş üzrə iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, zaminlik müqaviləsindən irəli gələn tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə Mülki Məcəllənin qeyd olunan maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, zaminliyə xitam verilməsi qanunvericlik tərəfindən iddia müddəti kimi deyil, kəsici müddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə, həmçinin nəzərə alır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də, həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib–verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 477-ci maddəsinin mənasına görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunverici zaminliyə xitam verilməsinin şərti kimi, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il müddətin keçməsini müəyyən etmişdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını tələb etmək hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Ona görə də cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də, yoxdur. Mülki Məcəllənin hazırda qüvvədə olan 477-ci maddəsinə əsasən həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı bank və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı isə kredit müqaviləsi üzrə zamin olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2017-ci il tarixindən bir il müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, iddiaçı qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürdüyündən, məhkəmədə zaminlikdən irəli gələn öhdəliyin icrası haqqında iddia irəli sürmək hüququnu itirmişdir. Ona görə də, müddətin keçməsi iddianın rədd edilməsi üçün hüquqi əsasdır. Bu baxımdan iddiaçı bankın zamin olan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissəsində tələbi əsasssız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 tələb edilən kredit məbləği hissəsi ilə bağlı qeyd edir ki, iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi Cavabdeh2 tələb edilən 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi 10678,33 (on min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat pul və ödənilmiş 122,03 manat dövlət rüsumu hissəsində təmin edilməli, Cavabdeh2 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi 10678,33 ( on min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat pul və ödənilmiş 122,03 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1-xx.xx.2014MİN57 saylı kredit müqaviləsi üzrə 8049,32 manat əsas borc, 2629,01 manat faiz borcu olmaqla, cəmi 10678,33 (on min altı yüz yetmiş səkkiz manat 33 qəpik) manat borc və 122.03 manat (bir yüz iyirmi iki manat 03 qəpik) dövlət rüsumu alınaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar