Məhkəmə qərarları › İş №e-2(125)-621/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-621/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-621/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 3.140 manat 63 qəpik və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və sonuncu «satıcı kassir» vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-ci il tarixdə «administrator» vəzifəsinə keçirilmiş və «tam maddi məsuliyyət» haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixdə isə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin OBA Gəncə 41 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh iddiaçıya zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə «İnventarizasiya Nəticələrinə» dair akta əsasən yekun ziyan məbləği 4.045 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3.140 manat 63 qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3.140 manat 63 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Sonda iddiaçının nümayəndəsi E.K.Əlizadə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan X1 İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, satış departamentində satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 140 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cəvdəlinə əsasən 260 manat olmala ödənilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixdən etibarən administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cəvdəlinə əsasən 345 manat olmaqla ödənilmişdir. İşdə olan İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli «tam maddi məsuliyyət haqqında» müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-200-cü maddələrinə əsasən verilən sərvətlərin saxlanılması, emalı,satışı, daşınması və ya istehsal prosesində tətbiqi ilə bilavaistə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən işçi tutduğu vəzifə və qurduğu iş üzrə tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2023 nömrəli əmrin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən «Oba-Gəncə 41» mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni administrator təyin olunmuş maddi məsul şəxsin bilavasitə iştirakı ilə faktiki mövcud olan ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə inventarizasiya komissiyası növbədənkənar yoxlama aparılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsinin surətindən görünür ki, Cavabdeh sayımda iştirak etdiyini, sayımın qaydalarına uyğun keçirildiyini, sayım qrupuna etirazı olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1166 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktın surətindən görünür ki, İddiaçı MMC-nin OBA Gəncə 41 mağazasında xx.xx.2023-cü il tarixdə «İnventarizasiya Nəticələrinə» dair akta əsasən yekun ziyan məbləği 4.045 manat məbləğində zərər vurması məlum olmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-də çalışmış Cavabdeh Camal qızının maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlanılması barədə arayışın surətindən görünür ki, Cavabdeh Camal qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsiv çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği çatışmazlığa görə ümumi olaraq 3.140 manat 63 qəpik borcu qalmışdır Beləliklə Cavabdeh Camal qızı xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 3.140 manat 63 qəpik təşkil edir. İş materiallarında İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1-x nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış şöbəsinin Administratorunun əmək müqviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 «b» (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İşdə olan Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00488 nömrəli «ilkin mediasiya sessiyasında iştirak edilməməsi» barədə arayışın surətindən görünür ki, İddiaçı MMC mediasiya xidmətinin göstərilməsinə görə 50 manat, poçt-kargüzarlıq xidmətinə görə 10 manat məəbləğində pul vəsaiti ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən «satıcı kassir», daha xx.xx.2023-cü il tarixli, 16 nömrəli əmr əsasında administrator vəzifəsinə qəbul olunmuş və tərəflər arasında xx.xx.2023-cü il tarixli «tam maddi məsuliyyət» haqqında müqavilə bağlanmışdır. Lakin Cavabdeh əmək funksiyalarının icrasını tam təmin etməmiş və İddiaçı MMC-yə 4.045 manat 17 qəpik məbləğində zərər vurmuşdur. İddiaçı MMC tərəfindən həmin vurulmuş zərərin bir hissəsi güzəşt edilmiş və digər məbləğ 3.140 manat 63 qəpik pul vəsaitinin ödənilməsi L.C.Əliyevadan tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəlllənin 194-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci bəndinin «a» və «ç» yarımbəndlərinə görə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda işçi qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh tərəfindən maddi zərər vurulmasını xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasının iltizamnaməsini, xx.xx.2023-cü il tarixli, 1166 nömrəli «Aktivlər üzrə inventarizasiya nəticələrinı dair yekun» aktını və digər sənədləri təqdim etməklə sübuta yetirmişdir. Cavabdeh isə «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə münasibətini, habelə iddiaya etirazı olduğu halda etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsiə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı o sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh vurulmuş zərərin əvəzi qismində 3.140 manat 63 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 3.140 (üç min bir yüz qırx) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar