Məhkəmə qərarları › İş №e-2(125)-622/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-622/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-622/2022 21.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.302 manat 70 qəpik, hesablanmış və ödəniməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik, cəmi 4.317 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.381 manat 40 qəpik, hesablanmış və ödəniməmiş faiz borcu qismində 27 manat 88 qəpik, cərimə qismində 3 manat 81 qəpik, cəmi 4.413 manat 09 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi R.N.Ağayev iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.302 manat 70 qəpik, hesablanmış və ödəniməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik, cəmi 4.317 manat 50 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinə əsasən, illik faiz dərəcəsi 1 faiz, 12 ay güzəşt müddəti olmaqla, Cavabdeh2 60 ay müddətinə 6.165 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı zaminlik müqavilələri bağlayaraq, Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinə zaminliyi öz üzərlərinə götürmüşlər. Cavabdeh2 kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, əsas kredit borcunu və borc faizlərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə Cavabdeh2 kredit müqaviləsi üzrə 14 iyul 2022-ci il tarixə iddiaçıya ödənilməmiş əsas borc qismində 4.302 manat 70 qəpik və faiz borcu qismində 10 manat 99 qəpik məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən həmin cavabdehə 3 manat 81 qəpik məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsinə 64 manat 14 qəpik məbləğində əlavə xərc çəkmişdir. Sonda E.N.Əsədov iddianın təmin edilməsini, 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.302 manat 70 qəpik, 14 iyul 2022-ci il tarixə hesablanmış və ödəniməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik, cəmi 5.695 manat 48 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat 14 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialı ilə bağladığı 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 faiz, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə 6.165 manat məbləğində pul vəsaitini, həmin müqavilənin 1 saylı əlavəsində müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə kredit götürmüşdür. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə görə borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və s.) hüququ vardır. İşdə olan 17 iyul 2019-cu il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialından 6.165 manat məbləğində nağd pul vəsaitini almışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsi üzrə iddiaçıya 14 iyul 2022-ci il tarixə olan borcu, əsas borc qismində 4.302 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik təşkil etmişdir. İşdə olan 17 iyul 2019-cu il tarixli, GK-035-MK/2019 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 14 iyul 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 4.302 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik, cəmi 4.317 manat 80 qəpik borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 17 iyul 2019-cu il tarixli, İK№GK-035- MK/2019 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 4.302 manat 70 qəpik, 14 iyul 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 99 qəpik, cərimə qismində 3 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 64 manat 14 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 17 iyul 2019-cu il tarixli, İK№GK-035-MK/2019 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.302 (dörd min üç yüz iki) manat 70 (yetmiş) qəpik, 14 iyul 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 (on) manat 99 (doxsan doqquz) qəpik, cərimə qismində 3 (üç) manat 81 (səksən bir) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 64 (altmış dörd) manat 14 (on dörd) qəpik, cəmi 4.381 (dörd min üç yüz səksən bir) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar