Məhkəmə qərarları › İş №e-2(125)-6232/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6232/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6232/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı2 Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus “KZS Electronics” mağazasından aldığı «Samsung J2»markalı telefona görə qalıq borcu olan 140 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Electronics” mağazasını işlədir. O, həmin mağazada məişət texnikası avadanlıqlarının daxili kredit alğı-satqısı ilə məşğuldur. O, müştərilərlə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə satır. Cavabdeh xx.xx.2019-cu il tarixdə qiyməti 360 manat olan «Samsung J2» markalı telefonu 12 ay müddətinə ödəmək şərtilə götürmüş, lakin qrafik üzrə öhdəliyi pozaraq bu günədək cəmi 220 manat ödəmiş, 140 manat borcu qalmışdır. O, cavabdehdən borcunu ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə imtina etmiş və bunun nəticəsidir ki, xx.xx.2019-cu il tarixdən bir il müddətində ödəməyi öhdəsinə götürdüyü borcu tamamlamamışdır. Ona görə də pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 yanvar 2019-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh İddiaçı2 dəyəri 360 manat olan «Samsung J2» markalı televizoru almış, ödənişi 12 ay ərzində, hər ay 30 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində aparılmış və tərəflərin imzaları ilə təsdiq edilmiş ödəmə qeydlərindən görünür ki, cavabdeh 360 manat borc məbləğindən hissə-hissə ayrı-ayrı vaxtlarda ümumilikdə 220 manat məbləğində ödəniş etmiş, 140 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi cavabdeh iddiaçıdan nisyə qaydada hissə-hissə ödəmək şərti ilə aldığı, dəyəri 360 manat olan «Samsung J2» markalı telefona görə 12 ay müddətində hər ay 30 manat ödəmək öhdəliyi daşımış, lakin öhdəliyi lazımınca və vaxtında yerinə yetirməmiş, cəmi 220 manat məbləğində ödəniş etmiş, 140 manat məbləğində borcu qalmışdır. Öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Lakin borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh 140 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə ödənilmiş tələbləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 140 (bir yüz qırx) manat ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar