Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6268/2025 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatının Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq keçirilən məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC QBKT Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək cavabdehdən əsas borc üzrə 4775.85 manat, faiz borcuna görə 911.44 manat, cəmi 5687.29 manat təşkil məbləğində borcun və 76.88 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2025-ci il 17 noyabr tarixli e-2(125)-6268/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 16 dekabr tarixli e-2-2(115)- 3064/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(102)- 910/2025 nömrəli qərarına əsasən İddiaçı MM QBKT-nın Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və işin baxış iclasına təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, krediti gözəllik salonunda yaxşılaşdırma işlərinin aparılması məqsədi ilə götürüb. Belə ki, götürdüyü həmin kreditlə gözəllik salonuna yeni avadanlıqlar almışdır. Krediti götürərkən onun əmək haqqından deyil, iş yerinin gəliri barədə hesabdan çıxarış tələb edilmişdir və krediti ona sahibkar olduğu üçün vermişlər. Əvvələrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçıdan kredit götürmüşdür. Bundan başqa sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, krediti şəxsi istehlak məqsədilə almayıb. Kredit götürməsinin səbəbi gözəllik salonuna avadanlıq almasıdır və iddiaçı krediti məhz bu məqsədlə ona verib. O, Bakı şəhərində yaşayır və heç bir ailə-kəndli təsərüffatı ilə məşğul olmur, sözügedən gözəllik salonunu 12 ildirki işlədir və əvvəllərdə gözəllik salonunun təmiri və digər xərcləri üçün iddiaçıdan kredit götürüb. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh illik 25 faiz dərəcəsi ilə 24 aylıq müddətə 5000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ən qısa zamanda borcunu ödəməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və həyat şəraitinin yaşılaşdırılması məqsədi ilə 24 ay müddətində 5000 manat kredit vermişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əladə olunmuş məlumata əsasən Cavabdeh əsas fəaliyyət növü kimi “fərdi qaydada fəaliyyət göstərən bərər” qeyd edilməklə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. (VÖEN: **********) Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(102)-910/2025 nömrəli qərarınada qeyd etdiyi halları nəzərə alaraq, cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının 15 və 16cı bəndində qeyd edilmişdir ki, həm Gəncə Şəhər Məhkəməsi, həm də Gəncə Kommersiya Məhkəməsinin qərardadında işin məhkəmə aidiyyatı ilə bağlı müəyyən dərəcədə hüquqi arqumentlər göstərilsə də, işin aidiyyəti barədə yekun nəticə çıxarmaq üçün zəruri olan əsas məsələlər tam və hərtərəfli aydınlaşdırılmamışdır. Belə ki, əsas müəyyən edilməli olan hal kreditin məqsədi ilə bağlıdır. Kredit müqaviləsində kreditin verilməsi məqsədi kimi həm “ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi”, həm də “həyat səviyyəsinin yaxşılaşdırılması” göstərilmişdir. Birinci instansiya məhkəməsi isə kredit vəsaitinin borcalanın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya şəxsi istehlak məqsədilə verilməsini araşdırmamışdır. Plenum Qərarından irəli gələn yanaşmaya görə məhkəmə aidiyyətinin müəyyən edilməsində formal müqavilə adları və ya tərəflərin yalnız VÖEN-ə malik olması deyil, hüquq münasibətlərinin xarakteri əsas götürülməlidir. Əgər kredit vəsaiti borcalanın sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün verilibsə və mübahisə bu fəaliyyətlə bağlı yaranıbsa, mübahisə kommersiya mübahisəsi hesab olunmalı, kredit şəxsi istehlak məqsədilə verildiyi halda isə mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Hazırkı işdə bu məsələ lazımi dərəcədə araşdırılmamışdır. Görünüdüyü kimi, Ali Məhkəmə 1-ci insitansiya məhkəməsindən tələb etmişdir ki, verilən kreditin məqsədini müəyyən etməklə işin məhkəmə aidiyyəti müəyyənləşdirilməlidir. Bu baxımdan cavabdehin məhkəmə iclası zamanı çıxışından və sədirlik edənin suallarına verdiyi cavablardan məlum olur ki, kreditin verilmə məqsədi onun sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsidir. Cavadehə kredit şəxsi istehlak məqsədi ilə verilməyib. Kredit onun sahibkarlıq fəaliyyəti ilə bağlı verilib və əldə edilə pul məbləği gözəllik salonuna avadanlıqların alınması üçün xərclənib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Buna görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatının Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №e-2(125)-6268/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6268/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver