Məhkəmə qərarları › İş №e-2(125)-6292/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6292/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6292/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2020-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə 3679,07 manat əsas, 35,04 manat faiz borcu olmaqla, cəmi 3714,11 manat kredit borcunun və kart kredit limiti üzrə 300 manat əsas, 9,63 manat faiz borcu olmaqla, cəmi 309,63 manat kredit borcunun, həmçinin ödənilmiş 60,24 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə Rzayeva Nurlan Teymur qızı (borcalan) arasında bağlanmış BPM**********42 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana 41 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 4700 manat məbləğində nağd kredit, həmçinin bankla borcalan arasında bağlanmış bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kart krediti limiti verilmişdir. xx.xx.2020-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan 41 ay müddətinə əsas və faiz borcunu hissə-hissə ödəməli idi. X1 Teymur qızı 25 iyun 2021-ci il tarixdə “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bankın xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən borcalanın Banka ödənilməmiş 3679,07 manat əsas, 35,04 manat faiz borcu qalmışdır. xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən isə borcalanın Banka ödənilməmiş 300 manat əsas, 9,63 manat faiz borcu qalmışdır. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ünvanlayaraq iddia tələbini qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında borcalanın ölümü ilə bağlı vərəsəliyin onun tərəfindən qəbul edilməsi barədə şəhadətnamə yoxdur. Onun hazırda vərəsəliyi olmadığı halda iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla icraata qəbul edilmişdir. Etiraza görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı qanun deyil, tövsiyyə xarakterli istiqamətverici bir qərardır və hazırkı işə Mülki Məcəllənin 558-ci maddəsinin tələbləri tətbiq edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Onu da əlavə etdi ki, cavabdeh ərizə ilə notariusa müraciət etməklə borcalandan miras qalmış əmlakı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən caabdeh izahatında bildirdi ki, borcalan, yəni anası öldüyünə görə işə xitam verilməlidir, “ASAN xidmət”də vərəsəlik haqqında notarial təsdiq olunmuş ərizə vermiş, ancaq şəhadətnaməni almamışdır. Anası öldükdən 2 ay sonra ərizə vermiş, ona 6 aydan sonra şəhadətnamə veriləcəyi bildirilmişdir. Tək vərəsə odur, anasından qalan mülk cəmi bir evdən ibarətdir, onu da faktiki idarə edir. İddianın təmin edilməsinə etiraz edir. Hesab edir ki, öhdəliyə xitam verilməlidir. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinin və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfəli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Borcluya ayrılmış kredit xətti məbləği 500 manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nağd kredit üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcu – 3679,07 manat əsas, 35,04 manat faiz borcu olmaqla, cəmi borcu 3714,11 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcu –300 manat əsas, 9,63 manat faiz borcu olmaqla, cəmi borcu 309,63 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1184 nömrəli, xx.xx.2023-cü il tarixli və 1942 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktublarında bildirilmişdir ki, borcalanın adına olan ünvan 1 ünvanı üzrə qızı – Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqavilələri üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 gün ərzində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, eləcə də sözügedən miras əmlakı faktiki də qəbul etməsi barədə cavabdehin izahatını nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum anası Rzayeva Nurlan Teymur qızının ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Rzayeva Nurlan Teymur qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – qızı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh borcalanın bankdan pul vəsaitini götürdüyünü və tələb edilən məbləğdə borcunun olduğunu etiraf etmişdir. Cavabdehin hazırkı iş üzrə Mülki Məcəllənin 558-ci maddəsinin tətbiq edilməli olması barədə mövqeyini də məhkəmə əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Lakin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə ...şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Qanunun 66.2-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60,24 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********42 nömrəli tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşması üzrə yaranmış 3679,07 (üç min altı yüz yetmiş doqquz manat yeddi qəpik) manat əsas, 35,04 (otuz beş manat, dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 3714,11 (üç min yeddi yüz on dörd manat on bir qəpik) manat kredit borcu və kart kredit limiti üzrə 300 (üç yüz) manat əsas, 9,63 (doqquz manat altmış üç qəpik) manat faiz borcu olmaqla, cəmi 309,63 (üç yüz doqquz manat altmış üç qəpik) manat və ödənilmiş 60,24 (altmış manat iyirmi dörd qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar