Məhkəmə qərarları › İş №e-2(125)-6299/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6299/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6299/2025 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair (Açar söz: müqavilə üzrə pul tələbi) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1 iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə 5388.70 manat məbləğində əsas borc və 396.02 manat faiz borcu olmaqla, cəmi 5784.72 (beş min yeddi yüz səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində kredit borcun və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 122.20 manat əsas borc və 9.50 manat faiz borcu olmaqla, cəmi 131.70 (bir yüz otuz bir manat yetmiş qəpik) manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 5510.90 əsas və 405.52 faiz borcu olmaqla cəmi 5916.42 (beş min doqquz yüz on altı manat qırx iki qəpik) manat borcun və 79.16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İşin faktiki halları. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 52 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 7000 (yeddi min (.00)) manat məbləğində və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 300.00 (üç yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 15 oktyabr 2025-ci il tarixinə cavabdehin 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə 5,388.70 manat məbləğində əsas borc və 396.02 manat faiz borcu olmaqla, cəmi 5,784.72 (beş min yeddi yüz səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 122.20 manat əsas borc və 9.50 manat faiz borcu olmaqla, cəmi 131.70 (bir yüz otuz bir (.70)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit borcu yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İİİ. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki İddiaçı ASC-dən 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə 7000 manat və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə isə 300 manat kredit götürmüşdür. Ödəniş edə bilməmiş, lakin mart ayından iddiaçı olan banka borcunu ödəməyə başlayacaqdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. İV. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsindən görünür ki Cavabdeh 52 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsindən görünür ki Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 300.00 (üç yüz) manat məbləğində kredit verilmişdir. - 21.10.2025-ci il tarixli **********94 nömrəli mədaxil qəbzindən görünür ki İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 79.16 manat dövlət rüsumu ödənilmişdir. - 15 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki Cavabdeh İddiaçı ASC-dən 7000 manat məbləğində pulu imza edərək götürmüşdür. - 15.10.2025-ci il tarixli 001/007/6271/2025 nömrəli maliyyə arayışından görünür ki Cavabdeh Bank ilə bağlanmış 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 52 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Belə ki 15 oktyabr 2025-ci il tarixə Borcalanın Banka 5388.70 manat əsas borc və 392.65 manat faiz borcu olmaqla cəmi 5781.35 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. - 15.10.2025-ci il tarixli 001/007/6272/2025 nömrəli maliyyə arayışından görünür ki Cavabdeh Bank ilə bağlanmış 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat məbləğində kredit götürmüşdür. Belə ki 15 oktyabr 2025-ci il tarixə Borcalanın Banka 122.20 manat əsas borc və 9.50 manat faiz borcu olmaqla cəmi 131.70 manat borcu mövcuddur. - 16 sentyabr 2025-ci il tarixli, 800/800/0240/2025 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə borclu olduğu 5388.7 AZN əsas borc və 395.31 AZN faiz borcu olmaqla, cəmi 5784.01 AZN məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq Banka ödəməsi tələb edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. - 17 sentyabr 2025-ci il tarixli, 001/007/5725/2025 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə borclu olduğu 122.20 AZN əsas borc və 6.94 AZN faiz borcu olmaqla, cəmi 129.14 AZN məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq Banka ödəməsi tələb edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi bildirilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq iddiaçının nümayəndəsi və cavabdehi dinləyərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı ASC Cavabdeh ilə 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli müqaviləsindən xx.xx.2025-ci il tarixdə və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsindən isə xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. xx.xx.2025ci il tarixə Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli müqaviləsi üzrə Expressbank” ASC-yə borcu ödənilməmiş əsas borc qismində 5388.7 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 395.31 AZN, xx.xx.2025-ci il tarixə isə 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə Expressbank” ASC-yə borcu ödənilməmiş əsas borc qismində 122.20 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.94 AZN təşkil etmişdir. Buna görə də Cavabdeh İddiaçı ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqavilələrinə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilələrin ləğv edildiyi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərindən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilməmiş faiz borcu qismində 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli müqaviləsi üzrə 395.31 AZN və 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 6.94 AZN məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissələrdə əsassızdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə 5388.7 (beş min üç yüz səksən səkkiz manat yetmiş qəpik) manat əsas, 395.31 (üç yüz doxsan beş manat otuz bir qəpik) manat faiz, 15 dekabr 2023-cü il tarixli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 122.20 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat əsas, 6.94 (altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5913.15 (beş min doqquz yüz on üç manat on beş qəpik) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həm Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 79.16 manat dövlət rüsumunun 79.13 manatı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2023-cü il tarixli, 800804-599777/3 nömrəli kredit müqaviləsi üzrə 5388.7 (beş min üç yüz səksən səkkiz manat yetmiş qəpik) manat əsas, 395.31 (üç yüz doxsan beş manat otuz bir qəpik) manat faiz, 15 dekabr 2023-cü il tarixli, 800797- PC********** nömrəli kredit xətti müqaviləsi üzrə 122.20 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat əsas, 6.94 (altı manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 5913.15 (beş min doqquz yüz on üç manat on beş qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 79.13 (yetmiş doqquz manat on üç qəpik) manatı tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar