Məhkəmə qərarları › İş №e-2(125)-6321/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6321/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6321/2025 22.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, AL/71723/A0/29 saylı müqaviləyə əsasən 1091,13 manat məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixli, CP/61010/A1/29 saylı müqaviləyə əsasən 1342,3 manat əsas, 21,62 manat faiz borcu olmaqla, cəmi 1363,92 manat borcun, xx.xx.2024-cü il tarixli, DK/31954/96/29 saylı müqaviləyə əsasən 100 manat əsas, 8 manat faiz borcu olmaqla, cəmi 108 manat və 65 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AL/71723/A0/29 saylı müqaviləyə əsasən 1100 manat, xx.xx.2024-cü il tarixli, CP/61010/A1/29 saylı müqaviləyə əsasən 1450 manat, xx.xx.2024cü il tarixli, DK/31954/96/29 saylı müqaviləyə əsasən 100 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 2.563,05 manat banka borcu vardır. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 5 saylı regional “ASAN xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə Cavabdeh sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, AL/71723/A0/29 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən X2 59 ay müddətinə illik 25% olmaqla 1100 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 5003 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, iddiaçı tərəfindən 1 ədəd “X6 Contactless” plastik kart X2 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, CP/61010/A1/29 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən X2 48 ay müddətinə illik 25% olmaqla 1450 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, -CP6101029AA1C-6 nömrəli və xx.xx.2024-cü il tarixli, - AU**********-7 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, 1400 manat və 50 manat pul iddiaçı tərəfindən X2 məxsus hesaba köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, DK/31954/96/29 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən X2 100 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 5002 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, iddiaçı tərəfindən 1 ədəd “Dostlar klubu Gümüş” plastik kart X2 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X1 xx.xx.2024-cu il tarixli, AL/71723/A0/29 nömrəli müqavilə üzrə 1091,13 manat əsas borcu qalmış, xx.xx.2024-cu il tarixli, CP/61010/A1/29 nömrəli müqavilə üzrə 1342,3 manat əsas borcu qalmış, 21,62 manat faiz borcu hesablanmış və xx.xx.2024-cü il tarixli, DK/31954/96/29 nömrəli müqavilə üzrə 100 manat əsas borcu qalmış, 8 manat faiz borcu hesablanmışdır. Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-163 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh miras qalmış 104,05 manat (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət) və 1470 (dəfn pulu) manat pul vəsaitindən ibarət miras əmlakdan bütövlüklə irs almalıdır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, AL/71723/A0/29 nömrəli kredit müqaviləsi üzrə 1091,13 manat əsas borc, xx.xx.2024-cü il tarixli, CP/61010/A1/29 nömrəli kredit müqaviləsi üzrə 1342,3 manat əsas borc, 21,62 manat faiz borcu və xx.xx.2024-cü il tarixli, DK/31954/96/29 nömrəli kredit müqaviləsi üzrə 100 manat əsas, 8 manat faiz borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi 2563,05 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, AL/71723/A0/29 nömrəli kredit müqaviləsi üzrə 1091,13 manat əsas borc, xx.xx.2024-cü il tarixli, CP/61010/A1/29 nömrəli kredit müqaviləsi üzrə 1342,3 manat əsas borc, 21,62 manat faiz borcu və xx.xx.2024-cü il tarixli, DK/31954/96/29 nömrəli kredit müqaviləsi üzrə 100 manat əsas, 8 manat faiz borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi 2563,05 (iki min beş yüz altmış üç manat 05 qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 65 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar