Məhkəmə qərarları › İş №e-2(125)-6394/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6394/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6394/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 500 manat sabit pul məbləğində müəyyən edilməsinə, uşağın xəstəliyi ilə əlaqədar cavabdehin hər ay 80 manat əlavə xərcə cəlb olunmasına, mediasiya xərci üçün ödədiyi 55 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından bir uşaq – xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1756/2019 nömrəli, 08 may 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğilə 160 (bir yüz altmış) manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun Cavabdeh ilə birgə nikahdan X3 adlı bir uşağı anadan olmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 15 dekabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti aşağıdır. Özü Gəncə şəhəri 5 saylı Musiqi məktəbində skripka müəllimi işləyir. 430 manat əmək haqqı alır. 250 manata kirayədə yaşayır. Cavabdehin mülkiyyətində bahalı avtomaşınlar, evlər var. İri yükdaşıyan avtomaşınlar (tırlar) ilə fərdi fəaliyyətlə məşğuldur. Daima sosial şəbəkələrdə bu barədə paylaşımlar etmişdir. Cavabdeh hazırda onun alimentin artırılması ilə bağlı iddia qaldırdığını bildiyindən bütün paylaşımları sosial şəbəkədən yığışdırmışdır. Cavabdeh xeyli gəlir əldə etməyinə baxmayaraq, uşağın saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Onu və övladını incitmək məqsədilə hətta alimenti də vaxtlı-vaxtında ödəmir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. O isə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşağın gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Uşaq daima inkişafda olduğundan və böyüdüyündən daima təzə paltarlar almaq məcburiyyətindədir. Ölkədə dayanmadan baş verən inflyasiya nəticəsində əmək fəaliyyəti ilə məşğul olduğu və əmək haqqı aldığı zaman belə uşağı bu məbləğdə alimentlə saxlamaqda çətinlik çəkir. Bundan başqa, qızı OS-keratin xəstəliyindən (göz qapaqları açılıb-bağlandıqca gözü cızır) əziyyət çəkir. 6 aydan bir Bakı şəhərinə X4 adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicə olunmaq məcburiyyətindədir. Hər dəfə müalicə üçün Bakı şəhərinə gedib-gəlmək, üstəlik dərmanların pulu birlikdə 350 manat pul tutur. Həkimin bildirdiyinə görə, bu xəstəlik ən azı 18 yaşına qədər davam edəcəkdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə etmişdir ki, uşaq hazırda 1-ci sinfə, həmçinin hazırlıqlara gedir. Uşağın xəstəliyi ilə əlaqədar 6 aydan bir müayinə və müalicə olunması üçün Bakı şəhərinə aparmaq məcburiyyətindədir, bunların hamısı xərc tələb edir. Hazırkı alimentin məbləği isə uşağın saxlanması üçün kifayət etmir. Cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə, həmçinin cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına X4 adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı tərəfindən X2 müayinə və müalicəsi nəticəsində “os-keratit” diaqnozu qoyulması barədə xx.xx.2024-cü il tarixli göndəriş və resept əlavə edilmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2019-cu il üçün bu məbləğ 160 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Ailə Məcəlləsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1-ci maddə). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2-ci maddə). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3-cü maddə). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İddiaçı tərəfindən əlavə xərclərə cəlb etmənin əsası kimi müvafiq tibbi sənədlər, yəni uşağın ağır xəstə və ya şikəst olması barədə hər hansı sənəd təqdim edilməmiş, eyni zamanda iddiaçı tərəfindən çəkilmiş xərc barədə mötəbər sübutlar (ödəniş qəbzləri) təqdim edilməmişdir. Ona görə də hazırkı halda iddia əlavə xərclərə dair hissədə təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması iş materiallarından görünmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olmaqla qismən əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməli, bu zaman mediasiya xərcinin həmin rüsumu əhatə etdiyi nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1756/2019 nömrəli, 08 may 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar