Məhkəmə qərarları › İş №e-2(125)-64/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-64/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-64/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 949,43 manat əsas, 23,86 manat faiz borcu olmaqla, səmi 973,25 manat borcun və 30 manat dövlət rüsumunun tutulması və qızıl zinət əşyalarına yönəldilməsi satışdan əldə olunmuş vəsait yetərli olmadıqda cavabdehin digər əmlakına yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-249/2022 nömrəli qərardadına əsasən Cavabdeh öldüyündən və hüquqi varisi müəyyən olunmadan işə baxılması mümkün olmadığından Cavabdeh hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-64/2023 saylı qərardadına əsasən mülki iş üzrə icraatın dayandırılmasından uzun müddət keçdiyindən və ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədiyindən iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, iddia tələbi ölmüş şəxsə qarşı yonəldilmişdir. Belə ki, cavabdeh qismində qeyd olunan Cavabdeh xx.xx.2020-ci ildə öldüyü halda ona qarşı iddia tələbi ölümündən sonra yəni xx.xx.2021-ci il tarixdə irəli sürülmüşdür. xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə ölmüşdür. Mülki işdə olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətlərində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə və s.) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Göründüyü kimi qanunvericilikdə yalnız işdə iştirak edən şəxslərə münasibətdə tərəflərdən birinin ölməsi ilə bağlı hüquqi varisinin əvəz edilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, şəxsin ölməsi məhkəmə prosesi zamanı deyil iddia ərizəsi verilməmişdən qabaq baş vermişdir və ölmüş şəxsə qarşı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-i maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ASC-in Cavabdeh qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar