Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-649/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN №-li İstehlak Krediti Müqaviləsinin ləğv edilməsini; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə 2002.79 manat qalıq, 179.69 manat faiz borc, 200.00 manat dəbbə, cəmi 2381.48 manat borcun və ödənilmiş 44 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN №-li İstehlak Krediti Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 2500 AZN məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN-Z1/1 №-İi Zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan borcverən Bank Olmayan Kredit Təşkilatı İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN saylı kredit müqaviləsinə əsasən, borcverən tərəfindən borcalana 30 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 2500 manat kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN-Z1/1 №-li Zaminlik müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrası üçün sonuncu öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan borc haqqında arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcu 2002.79 manat qalıq, 179.69 manat faiz borc, 200.00 manat dəbbə, cəmi 2381.48 manat təşkil edir. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 2002.79 manat əsas, 150.30 manat faiz, 155 manat cərimə borcu olmaqla, cəmi 2308.09 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalana kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüş, lakin sonuncu, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, Bank əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı, kreditorun borcluya xx.xx.2023-cü il tarixdə bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu səbəbdən, Bank müvafiq bildirişin borcalana göndərildiyi tarixədək hesablanmış 150.30 manat faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, həmin bildirişlə nəzərdə tutulmuş müddət bitdikdə müqaviləyə təktərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərdən habelə 41.53 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00961-EGN saylı kredit müqaviləsinin ləğv olunması təsbit edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2002.79 manat qalıq, 150.30 manat faiz borc, cəmi 2153 (iki min yüz əlli üç) manat 09 (doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 53 (əlli üç) qəpik pul tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-649/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-649/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver