Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6535/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)311019-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.919,62 manat məbləğində borcun-bundan 3.575,44 manat əsas borcun, 171,68 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 172,50 manat isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 59.20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 31 oktyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)311019-01nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3.576,50 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 ilə bank arasında 31 oktyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 07 sentyabr 2023-cü il tarixli **********844 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh1 31 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)311019- 01 nömrəli kredit müqaviləsi üzrə 15 oktyabr 2025-ci il tarixə banka ödənilməmiş cəmi 3.919,62 manat məbləğində borcu vardır. Bundan 3.575,44 manat əsas borc, 171,68 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 172,50 manat isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Cavabdeh1 ərizəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019cu il tarixli MBNP ***-*******FİMSA(B)311019-01nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3.576,50 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildə götürdüyü krediti və ona hesablanmış faizləri 60 ay ərzində iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 sözügedən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti Cavabdeh1 ilə bərabər olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən müqavilə üzrə 15 oktyabr 2025-ci il tarixə İddiaçı ASC-yə 3.575,44 manat əsas borcu, 171,68 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 172,50 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, ödənilməmiş cəmi 3.919,62 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 59.20 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 31 oktyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)311019-01nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3.576,50 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. (Mövcud olan kredit borcu restrukturuzasiya edilmişdir.) Kredit verilərkən Cavabdeh2 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsini imzalamaqla İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə kredit müqaviləsi üzrə iddiaçı Banka 3.575,44 manat əsas, 171,68 manat faiz borcu və 172,50 manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh2 xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsini imzalamaqla İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, xx.xx.2019-cu tarixli kredit müqaviləsi üzrə kredit borcunun cavabdehlərdən tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 59.20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3.575,44 (üç min beş yüz yetmiş beş) manat 44 qəpik məbləğində əsas borc, 171,68 (bir yüz yetmiş bir manat 68 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 172,50 (bir yüz yetmiş iki manat 50 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 3.919,62 (üç min doqquz yüz on doqquz) manat 62 qəpik məbləğində pul və iş üzrə iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59.20 (əlli doqquz) manat 20 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-6535/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6535/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver