Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6802/2024 29.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə overdraft nəticəsində yaranmış 3475 (üç min dörd yüz yetmiş beş) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54.80 (əlli dörd manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli karta dair xidmətlərin göstərilməsi haqqında LCO231840034 saylı müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsi əsasən onun adına X4 My Card debit növlü kart hesabı açılmış və kart cavabdehə təhvil verilmişdir. Kartın və PİN kodun Cavabdeh tərəfindən alınması təsdiq olunur. 2024-cü ilin iyun ayından etibarən kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 3475 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqaviləyə əsasən, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin Cavabdeh ərizə və ya istənilən digər öhdəliklər üzrə Banka ödəməli olduğu vəsaitin, o cümlədən göstərilmiş Bank Xidmətlərinə görə xidmət haqqının və bank hesabına səhvən mədaxil edilmiş məbləğlərin ödəmə tarixindən etibarən onun Bankdakı hesablarından birtərəfli qaydada Bankın xeyrinə silinməsinə etiraz etmədiyini bəyan etmişdir. “Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən, Texniki (icazə verilməmiş) overdraft - tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 5.9-cu bəndinə əsasən, overdraft nəticəsində borc yarandıqda müştəri həmin borcun 3 (üç) iş günü ərzində Banka geri qaytarılmasını təmin etməlidir. Həmin müqavilənin 5.10-ci bəndinə əsasən, overdraft nəticəsində yaranmış borc Ümumi şərtlərin 5.10-cu bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda, yaranmış borc üzrə Bank müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablaya bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanmasi borc tam ödənilən günə qədər davam edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh kart hesabı açılmışdır. Cavabdeh məxsus hesabdan çıxarışından görünür ki, Cavabdeh məxsus karta ümumilikdə 35802,27 manat mədaxil edilmiş, 39277,27 manat kartdan məxaric edilmiş və kartın balansı 3475 manat mənfidədir. xx.xx.2023-cü il tarixli, LCO231840034 saylı ərizədən görünür ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”, Tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. 11 avqust 2024-cü il tarixli, OUT-2024/08/11-5 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh LCO231840034 saylı, xx.xx.2024-cü il tarixli X4 My Card kartı üzrə xx.xx.2024-cü il tarixə 3475 manat əsas borcu vardır. 11 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcunu 3 iş günü ərzində ödəmədiyi təqdirdə banka borclu olduğu borc məbləğinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh üçün açılmış kart hesabından, cavabdeh tərəfindən istifadə nəticəsində kart üzrə 3475 manat overdraft olmuş, bununla bağlı iddiaçı bank tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək, overdraft nəticəsində yaranmış borcun geri qaytarılması bildirilmiş, lakin cavabdeh borcu ödəməmişdir. Odur ki, iddiaçı cavabdeh tərəfindən overdfart nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3475 (üç min dörd yüz yetmiş beş) manat tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 54,80 (əlli dörd manat səksən qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə həmçinin, iddianın 54,80 (əlli dörd manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, pul vəsaitin cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3475 (üç min dörd yüz yetmiş beş) manat və məhkəmə xərci qismində ödənilmiş 54,80 (əlli dörd manat səksən qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6802/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6802/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver