Məhkəmə qərarları › İş №e-2(125)-6811/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6811/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6811/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdeh Həsənova (Rzayeva) Firdus Yusif qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Həsənova (Rzayeva) Firdus Yusif qızından iddiaçının xeyrinə əsas borc üzrə 5141,3 manat, faiz borcu üzrə 859,68 manat, cərimə üzrə 38,29 manat olmaqla, cəmi 6039,27 manat pul vəsaitinin, dövlət rüsumuna və bank xidmət haqqına görə 80,80 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" KB ASC (Bank) ilə cavabdeh arasında 334nkKPZ/22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalanla əvvəllər bağlanmış 1481sGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 279,3 manat qalıq məbləğini və 587sGNDJ/21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun 5233,34 manat qalıq məbləğini, ümumilikdə 5513 manat məbləğində krediti 60 ay müddətinə - xx.xx.2027-ci il tarixinədək, illik 23 faiz ödəmək şərti ilə qaytarmaq barədə razılığa gəlmişlər. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 156 manat, sonuncu ay isə 109,70 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixə Banka 5141,3 manat əsas, 859,68 manat faiz borcu yaranmış, ona 38,29 manat cərimə hesablanmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək cavabdehin bankdan pul götürdüyünü, lakin maddi imkanı zəif olduğuna görə ödənişlər edə bilmədiyini, tələb olunan məbləğlə razı olduğunu bildirdi, bununla belə borc məbləğinin mümkün qədər azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, müvafiq hesabdan çıxarışa görə Bank 5513 manat məbləğində kredit ayırmaqla borcalanın əvvəlki müqavilələr üzrə qalıq kredit borcunu bağlamış, borcalan isə həmin krediti 60 ay müddətinə - xx.xx.2027-ci il tarixinədək, illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Müqavilənin 2.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az iki dəfə 5 təqvim günündən çox pozduqda, Bank bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 2.8-ci bəndinə əsasən borcalan kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə Bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40% miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin 334nkKPZ/22 nömrəli kredit müqaviləsi üzrə Banka 5141,3 manat əsas, 859,68 manat faiz borcu, 38,29 manat cərimə olmaqla, cəmi 6039,27 manat kredit borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödəniş aparılmamışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəmədiyindən iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi cavabdehin bankdan pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə hesablanmış dəbbə pulunun məbləğini də nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 80,40 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Həsənova (Rzayeva) Firdus Yusif qızından xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5141,3 manat əsas borc, 859,68 manat faiz borcu və 38,29 manat cərimə olmaqla, cəmi 6039,27 (altı min otuz doqquz manat iyirmi yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 80,80 (səksən manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar