Məhkəmə qərarları › İş №e-2(125)-6818/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6818/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6818/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, İK-051979/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 2843,25 manat əsas borc, 15,21 manat faiz borcu, 167,85 manat cərimə, cəmi 3026,31 manat pul vəsaitinin və 50,27 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə borcalan arasında İK-051979/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana istehlak məqsədi ilə xx.xx.2025-ci il tarixinədək, 24 ay müddətinə qaytarmaq şərti ilə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 3600 manat məbləğində krediti verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit borcalanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Ödəniş cədvəlinə əsasən borcalan xx.xx.2025-ci il tarixinədək hər ay 183,22 manat, sonuncu ay 183,36 manat ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin İK-051979/23 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 borcalanın öhdəlikləri üzrə zamin olmuş və müqavilənin şərtlərinə əsasən zamin sözügedən kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında Borcalanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onların 26 sentyabr 2023-cü il tarixə Banka 2843,25 manat əsas borcu, 15,21 manat faiz borcu yaranmış, ona 167,85 manat cərimə hesablanmışdır. Cavabdehlərin cəmi borcu 3026,31 manat təşkil edir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdehlərin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq xəbərnamələr işə əlavə edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə və kassa məxaric orderinə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına əlavə illik 20 % olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən Zamin Borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İK-051979/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Banka 2843,25 manat əsas borc, 15,21 manat faiz borcu, 167,85 manat cərimə olmaqla, cəmi 3026,31 manat borc yaranmışdır. xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdehlərin ünvanına göndərilərək onlara İK-051979/23 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar onlara cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə Bank tərəfindən müqavilənin vaxtından əvvəl ləğv edilərək məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini borcalana vermişdir və sonuncu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduğundan, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50,27 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İK-051979/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2843,25 manat əsas borc, 15,21 manat faiz borcu, 167,85 manat cərimə olmaqla, cəmi 3026,31 (üç min iyirmi altı manat otuz bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 50,27 (əlli manat iyirmi yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar