Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6877/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı2 (VÖEN: **********), xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2850 manat ödənilməmiş əsas borcun və ödənilmiş 49 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bir ədəd Lg markalı televizor, bir ədəd Samsung markalı soyuducu, bir ədəd Shivaki markalı paltaryuyan, bir ədəd Xiaomi Redmi markalı mobil telefon və elektrik tənzimləyici aparatın nisyə alğı-satqısı barədə müqavilə bağlanmışdır. Müqavilə və ödəniş cədvəlinə əsasən dəyəri 1150 manat olan Lg markalı televizor, dəyəri 1400 manat olan bir ədəd Samsung markalı soyuducu, dəyəri 150 manat olan bir ədəd Shivaki markalı paltaryuyan, dəyəri 480 manat olan bir ədəd Xiaomi Redmi markalı mobil telefon və dəyəri 60 manat olan elektrik tənzimləyici aparat olmaqla əşyaların ümumi dəyəri 3240 manat, ödəniş müddəti 12 ay olmaqla, hissə-hissə ödəniş edilməsi müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən - xx.xx.2021-ci il tarixdə 120 manat, xx.xx.2021-ci il tarixdə 120 manat və xx.xx.2021-ci il tarixdə 150 manat olmaqla, cəmi 390 manat məbləğində ödənişlər aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazası vasitəsi ilə məişət texnikası avadanlıqlarının pərakəndə satışı və daxili kredit ilə müddətli satışı ilə məşğuldur. Müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərini hissə-hissə ödəmək şərti ilə satır. Cavabdehə isə nisyə alğı-satqı əsasında Lg markalı televizor, bir ədəd Samsung markalı soyuducu, bir ədəd Shivaki markalı paltaryuyan, bir ədəd Xiaomi Redmi markalı mobil telefon və elektrik tənzimləyici aparat satmışdır. Lakin cavabdehlə arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, cəmi 390 manat ödəniş edilmişdir. Ona görə də cavabdehin iddiaçıdan aldığı dəyəri 3240 manat olan əşyalara görə 2850 manat borcu yaranmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, əsli iddiaçıda qalan və hər dəfə ödəniş edildikdə qeydi aparılan tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə görə cavabdehin həmin müqavilə üzrə əsas borcu – 2850 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan (xx.xx.2023-cü il tarixdə çatıdırlmışdır) görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ondan borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2850 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 49 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2850 (iki min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49 (qırx doqquz) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-6877/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6877/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver