Məhkəmə qərarları › İş №e-2(125)-6892/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6892/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6892/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.459 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 894 manat 89 qəpik, cəmi 8.354 manat 59 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 103 manat 95 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə, illik 23,9 faiz dərəcəsi ilə 9.000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, iddiaçı banka olan borcunu ödəməmişdir. Cavabdeh xx.xx.2023cü il tarixə xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə borcu ödənilməmiş əsas borc qismində 7.459 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 894 manat 89 qəpik təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranması nəzərə tutulur. Sonda iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 23,9 % olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə, 9.000 manat məbləğində kredit götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 9.000 manat məbləğində nəğd pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu əsas borc qismində 7.459 manat 70 qəpik xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 894 manat 89 qəpik, cəmi 8.354 manat 59 qəpik təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.459 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 238 manat 67 qəpik, cəmi 7.698 manat 37 qəpik məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsi xx.xx.2023-cü il tarixdə tələb edilmiş, həmin tarixə Cavabdeh "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borc qismində 7.698 manat 37 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 238 manat 67 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" ASC Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borc qismində 7.459 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 238 manat 67 qəpik təşkil etmişdir. Buna görə də Cavabdeh "xxxx" ASCyə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" ASC-nin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 7.459 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 238 manat 67 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 fevral 2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 7.459 manat 70 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 238 manat 67 qəpik, cəmi 7.698 manat 37 qəpik məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 97 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 fevral 2022-ci il tarixli, 106804-541656/4 nömrəli kredit müqaviləsi üzrə əsas ödənilməmiş əsas borcun əvəzi qismində 7.459 (yeddi min dörd yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik, 05 iyun 20230cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 238 (iki yüz otuz səkkiz) manat 67 (altmış yeddi) qəpik, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 97 (doxsan yeddi) manat, cəmi 7.795 (yeddi min yeddi yüz doxsan beş) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar