Məhkəmə qərarları › İş №e-2(125)-6960/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6960/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6960/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə və ona əlavəyə əsasən 675 manat ödənilməmiş əsas, 25 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 730 manat pulun Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə İmei kodu **********26484 olan X1 11 markalı telefonun nisyə alğı-satqısı barədə R0032063 nömrəli müqavilə və ona 1 nömrəli əlavə saziş bağlanmışdır. Müqaviləyə və ödəniş cədvəlinə əsasən satıcı bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 18 ay müddətinə 803 manat dəyərindəki əşyanı alıcıya nisyə satmağı, alıcı Cavabdeh isə həmin əşyanın dəyərini müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən hissə-hissə satıcıya öhdəsinə götürmüşdür. Həmin nisyə alğı-satqı müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə 803 manat dəyərindəki əşyanı əldə etməli, əşyanın dəyərini isə 18 ay müddətində hər ay 45 manat (sonuncu ay 38 manat) olmaqla hissə-hissə satıcıya ödəməlidir. Əşya malların təhvil-təslim aktına görə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq hər ay ödənişlər etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu – ümumi dəyəri 675 manatı mağazaya ödəməmişdir. Dəfələrlə cavabdehə borcunun ödənilməs barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışlar. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, cavabdehin bağladığı nisyə alğı-satqı müqaviləsinin 1.1-ci, 1.2-ci və 1.3-cü bəndinə görə satıcı alıcıya şəxsi istehlak və istifadə üçün 18 ay müddətinə 803 manat məbləğində əşyanı nisyə alğı-satqı şərtləri əsasında verir, alıcı isə aldığı əşyanın qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Əmtəə (əşya) müqavilə bağlandıqdan sonra 1 gün ərzində satıcı tərəfindən alıcının istifadəsinə və faktiki sahibliyinə verilir. Əmtəə (əşya) alıcıya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb olunur. İddiaçının verdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışına və hesabdan çıxarışa görə cavabdehin nisyə alğı-satqı müqaviləsi üzrə borcu – 675 manat əsas və 25 manat dəbbə pulu olmaqla cəmi 700 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə sözügedən müqavilə üzrə borcunun olması barədə xəbərdarlıq edilmiş, ona borcun 5 (beş) gün ərzində ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2). Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh ilə satıcı arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə predmeti olan əşyanı cavabdehə vermiş, lakin cavabdeh əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 675 manat və cərimə borcu üzrə 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə üzrə yaranmış 675 manat əsas borc və 25 manat cərimə olmaqla, cəmi 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz manat) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar