Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7046/2025 03.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixində, PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X11 111 CDİ” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “X11 111 CDİ” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, C.Xəndan- Ə.Rəcəbli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “Hyumdai Sonata” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ DYPİdən inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Sığorta haqqında” Qanunun 25-ci maddəsinə əsasən sürücü hadisə yerindən yayınarsa, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərsə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmazsa subroqasiya qaydasında sığortanın pul tələb etmək ixtiyarı vardır. Ancaq hazırk iddia tamamilə yanlışdır. Onun sürücülük hüququ vardır və həmin nəqliyyat vasitəsini idarə edərkən də hüququ olmuşdur. O, İXM-nin 332.1-ci maddəsinə əsasən cərimə edilmişdir. Ancaq iddiaçının iddia etdiyi kimi sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi İXM-nin 332.2-ci maddəsində təsbit olunmuşdur və cərimənin məbləği ilk dəfəyə görə 200 manat, təkrar törədildikdə 400 manat təşkil edir. Yol-nəqliyyat hadisəsi olan dövrdə isə cərimənin məbləği 100 manat idi. O isə 60 manat cərimə olunmuşdur. Etibarnamə hüquq deyildir, etibarnamə hüququ olan şəxsə səlahiyyət verir. Həmin vaxt da maşının sahibi uzaqda olmamış, sadəcə maşında olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu və iddiaçının subroqasiya hüququnun yaranmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan:- xx.xx.2019-cu il tarixli, AD 598255 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X11 111 CDİ” yük markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi X1 məxsusdur. xx.xx.2019-cu il tarixli, PAA********** nömrəli sığorta müqaviləsindən görünür ki, sığortalı X6 ilə sığortaçı "xxxx" ASC arasında avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası barədə müqavilə bağlanaraq “Mercedes Benz” markalı, **- EG-*** qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cü ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2009-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İXM-nin 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, AKS200026 saylı sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 ödənilməli olan sığorta ödənişi 8102,40 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 məxsus hesab nömrəsinə 8102,40 manat köçürülmüşdür. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, “X11” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin “Hyundai Sonata” markalı, **-KB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya dəymiş zərərə görəödənilmiş 8102,40 manat sığorta ödənişinin 5000 manat məbləğinin "xxxx" ASC-yə məxsus hesaba köçürülməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli, 20-02045/03/AA-1392/20 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilməli olan sığorta ödənişinin məbləği 5000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, AS-23/422 nömrəli geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 5000 manat sığorta ödənişi məbləği və 500 manat işlərin görülməsi xərci olmaqla, cəmi 5500 manat sığorta ödənişi məbləğinin könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqənin etibarlılıq müddəti xx.xx.2026-cı il tarixədək göstərilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)» Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-cı maddəsinə görə «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən “X11” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş, məhz buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) törətməkdə təqsirli bilənərək, inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Halbuki, nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması ilə bağlı məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə yaranır. İddiaçının subroqasiya hüququnun yaranması əsası kimi istinad etdiyi hallar araşdırılmış sübutlarla təsdiq olunmamışdır. Bununla belə “Mercedes Benz” markalı, **-EG-*** qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X2 olmaqla, mülki məsuliyyətin icbari sığortası üzrə müqavilə tərəfi, yəni sığortalı isə X5r. Qeyd olunan qanunvericilikdən görünür ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yalnız sığortalıya qarşı yaranır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələb Cavabdeh qarşı yönəldilə bilməz. Digər tərəfdən sığortalı X4 xəbəri olmadan avtomobilin hazırki Cavabdeh tərəfindən idarə olunması barədə iş materiallarında hər hansı sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia təmin olunmasın. İş üzrə ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-7046/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7046/2025
03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver